Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Şurası Gənclər və İdman nazirlərinin 4-cü iclası keçirilir



Newscenter.az.29.11.2019. 29 noyabr tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Şurası Gənclər və İdman nazirlərinin 4-cü iclası öz işinə başlayıb. Newscenter.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirilib ki, Qırğızıstanın Gənclərlə Iş, Bədən Tərbiyəsi və İdman Dövlət Agentliyinin direktoru, Qırğızıstanın İnformasiya və Sosial İnkişaf naziri, Türkiyənin Gənclər və idman naziri, Özbəkistanın Bədən Tərbiyəsi və idman nazirlərinin qatıldığı tədbirdə, Azərbaycan Respublikasını Gənclər və İdman naziri Azad Rəhimovun rəhbirlik etdiyi nümayəndə heyəti təmsil edir.

Türk Şurasına üzv Dövlətlərin gənclər sahəsindəki əməkdaşlığı, Gənclər Platformasının 2-ci Baş Assambleyası Forumunun, 3-cü Türk Şurası Gənc Liderlərin Forumunun tarixlərinin müəyyən olunması və digər mühüm məsələlər iclas zamanı gənclər sahəsində aparılan müzakirələr sırasında olub. 2020-ci ildə Qazaxıstanda gerçəkləşdiriləcək 2-ci İdman Oyunları Türk Universiadası, 2020-ci ildə Türkiyədə baş tutacaq 4-cü Dünya Köçəri oyunları, Türk Şurasına üzv dövlətlərin dopiqnlə mübarizə məsələsi, Türkiyə Anti- Dopinq Komissiyasının təcrübə mübadiləsi və bu sahəni əhatə edən digər mühüm mövzular idman sahəsinin müzakirə mərkəzində olub.

İclasda çıxış edən nazir Azad Rəhimov bildirib ki, hal hazırda Bişkekdə baş tutan iclasdan öncə İstanbul, Bakı və Astanada toplantılar keçirilib. Eyni zamanda, daimi olaraq Türk Şurasında bu istiqamətdə işçi qrupu fəaliyyət göstərir. Nazir Türk Şurası çərçivəsində gənclər və idman sahəsində əməkdaşlığımızın düzgün istiqamətdə getdiyini bildirib.

Çıxışının davamında Azad Rəhimov deyib: “Qeyd edim ki, Azərbaycan 2016-2019-cu illərdə Türk Şurasının 3 gənclər, 2 idman tədbirlərinə və 1 dəfə nazirlərin iclasına ev sahibliyi edib. Eyni zamanda, Türkiyə, Qazaxıstan və Qırğızıstanda keçirilmiş forum, festival, düşərgə və idman yarışlarında Azərbaycan gəncləri və idmançılarının iştrakı təmin edilib.” Ölkə başçısı cənab İlham Əliyevin istər gənclər, istərsə də, idman sahələrinə xüsusi diqqət və qayğı göstərdiyini bildirən nazir, bu gün ölkəmizdə 40-a yaxın gənclər evi və mərkəzlərin inşa edilib, gənclərin ixtiyarına verildiyini, artıq Azərbaycanda 45 olimpiya idman kompleksinin fəaliyyət göstərdiyini də diqqətə çatdırdı. Azad Rəhimov Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası və digər idman qurğularında ən yüksək idman yarışlarının təşkil olunduğunu da qonaqlara bildirdi.

Azad Rəhimov çıxışının davamında əlavə etdi: “Bildiyiniz kimi, keçən ay Türk Şurası Gənclər Platformasının birinci Baş Assambleyası Bakıda təşkil edilmişdi. Baş Assambleyanın Türk Şurası Zirvə Toplantısı ərəfəsində keçirildiyini nəzərə alsaq yaxşı bir ənənənin qoyulduğunu görərik. Təklif edirəm ki, Baş Assambleyalar məhz Zirvə Toplantıları öncəsi keçirlisin.” Nazir Türk Şurası Gənclər Platformasının beynəlxalq gənclər təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasının faydalı olduğunu, hazırda Platformaya Azərbaycanın sədrlik etdiyini və mövcud əlaqələrimizdən və təcrübədən istifadə edərək Platformanın inkişafına öz töhfələrimizi verəcəyimizi bildirdi. Çıxışının sonunda nazir Azad Rəhimov 2020-ci ilin yay aylarında Türk Şurası beşinci Beynəlxalq Gənclər Düşərgəsinin Azərbaycanda keçirilməsini təklif etdi.

Səfər çərçivəsində Azərbaycan Respublikası Gənclər və idman naziri Azad Rəhimov və Qırğızıstan Respublikası Hökuməti yanında Gənclər, bədən tərbiyəsi və idman direktoru Kanat Amankulov arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş və Gənclər siyasəti sahəsində 2020-2021-ci illəri əhatə edən Tədbirlər planı imzalanıb.

Ehtiram
Xəbəri paylaş