Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada Zərifə Əliyevanın adını daşıyan məktəbin 25 illiyi qeyd edilib



Newscenter.az.29.11.2019. Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbin yaranmasının 25 illiyi təntənəli şəkildə qeyd edilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Newscenter.az-a bildirilib ki, tədbirdə İrpen şəhər meriyasının rəsmiləri, xarici ölkələrin diplomatik nümayəndələri, Təhsil Nazirliyinin əməkdaşları, Azərbaycanın Ukraynadakı səfirliyinin, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

Tədbirdən öncə akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər düzülüb, xatirəsinə dərin ehtiram ifadə olunub.
Sonra orta məktəbin direktoru Valentina Antonenko tədbir iştirakçılarını salamlayaraq təhsil müəssisəsinin uğurlarından danışıb. Sonra məktəbin şagirdləri diplomatları təmsil etdikləri ölkələrin dillərində, o cümlədən Azərbaycan dilində salamlayıblar.

Tədbirdə akademik Zərifə Əliyeva ilə bağlı geniş məlumat verilib və videoçarx yayımlanıb. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək bildirib ki, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətləri olub. Azərbaycan tarixən görkəmli şəxsiyyətlər yetişdirib, onlardan biri də Zərifə Əliyevadır. Zərifə Əliyeva haqqında xatirələri oxuduqca hər bir insanın gözündə gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim obrazı canlanır. İrpen şəhərində görkəmli elm xadiminin adını daşıyan məktəb, istirahət parkının və mərkəzi küçənin Azərbaycanla Ukrayna arasında sarsılmaz dostluq körpüsünə çevrildiyini bildirən diplomat məktəbin direktoru Valentina Antonenkoya iki ölkə arasında isti münasibətlərə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

Tədbir daha sonra məktəblilərin konsert proqramı ilə davam etdirilib.

Xosrov
Xəbəri paylaş