Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaz və elektrik enerjisinə qoyulan məhdudiyyətin aradan qaldırılması zərurətə çevrilməkdədir



Newscenter.az.26.03.2020. Çox seçicilər, vətəndaşlar mənə müraciət edir və kömək istəyir. Görüşmək, üz-üzə danışmaq istəyirlər. Bilirsiniz ki, qapım hər zaman açıq olub. Görüşlərim açıq olub. Xahiş edirəm ki, başa düşəsiniz ki, indi virusla bağlı görüşlərimiz məhdudlaşıb. Amma, telefon və internet üzərindən yenə də işləyirik, qayğılarla məşğuluq və əlimizdən gələni etməyə çalışırıq.

Vətəndaşları daha çox nə narahat edir?

Məsələ burasındadır ki, ölkədə işləyən insanların bəlkə də 60-70 faizi ya müqaviləsiz, ya da günəmuzd işləyib. Bütün rayonlardan gəlib Bakıda işləyib ailələrinə pul göndəriblər. Bir çoxu ailəsini də Bakıya gətirib kirədə qalıb. İndi bu insanlar çox ağır vəziyyət ilə üzləşiblər.

Onların qara bazarda işləməsi və kölgə iqtisadiyyatına töhvə verməsi onların günahı deyil. Buna məcbur olublar və ya ediliblər. Hətta bunu cənab Prezident də bir çıxışında vurğulayıb.

İndi bu insanlar ilişib Bakıda qalıblar, digər hissəsi isə kirə pulunu necə ödəyəcəyini düşünür, ailəsini necə saxlayacağının əzabını çəkir, komunal xərcləri necə ödəyəcəyindən narahatdır.

Cənab Prezident 1 milyard pul ayırıb və vəzifəli məsul şəxslər vurğulayıb ki, 12 iqtiqamət üzrə planlar və yardımlar hazırlanır. Ümid edirəm ki, bir hissə də günəmuzd və müqaviləsiz işləyənlərə aid olacaq. Məncə ən təxirəsalınmaz məsələ bu kateqoriya insanlar olmalıdır. Bu məsələ nə qədər tez həll olunarsa, faydalı olar. Narahatlıqlar çoxdur və təbii ki, mən dövləti, ölkə rəhbərliyini çox gözəl anlayıram. Bir yandan neftin qiymətinin düşməsi, bir yandan sərhədlərin bağlanması, digər yandan hər kəsin evdə oturması hökumətin üzərində böyük, çəkilməsi zor olan yük yaradıb. Buna baxmayaraq, mövcud resurslar hesabına vətəndaşlara kömək gecikməməlidir.

Qaz və elektrik enerjisinə qoyulan məhdudiyyətin aradan qaldırılması zərurətə çevrilməkdədir və ümid edirəm ki, hökumət tezliklə buna baxacaq.

Ölkə Prezidenti tərəfindən Koronavirusla bağlı yaradılan Fond çox gözəl bir təşəbbüsdür. Bura toplanan vəsait karantinə alınan şəxslərin müalicəsinə, saxlanılmasına, otellərin xərcinin ödənilməsinə, dərmanların alınmasına yönələcək. Çox böyük xərclər tələb olunur və Fond da bu xərcləri qarşılamağa yardım edəcək. Bu Fond çətin ki, digər vətəndaşlara kömək edə bilsin, bunu ummaq da ədalətsiz olar.

Dediyim müqaviləsiz və günəmuzd işçilər isə ən həssas kateqoriyaya çevrilib. Bəziləri rayona qayıtmağa pul tapa bilmir, bəziləri kirayədən çıxmalı olub, bəziləri gündə bir dəfə qidalanmağa imkan tapmır. Heydər Əliyev Fondu ciddi işlər görür, yardımlar edir. Amma, bir Fond bu qədər yükü çəkə bilərmi?
Bunun üçün də bu sahədə də təxirəsalınmaz tədbirlərə ehtiyac var və bəlkə də bir yeni Zərərçəkmişlərə Yardım Mərkəzi da olmalıdır ki, imkanı olanlar ora da pul köçürsünlər və Mərkəz sırf olaraq bu kimi zərərçəkmişlərə birbaşa maddi yardım göstərsin.

Azərbaycanda və xaricdə pulu-parası olan çoxlu həmyerlilərimiz var. Koronovirusla bağlı yaradılan Fonda pul köçürürlər, çox sağ olsunlar. Bununla bərabər, zərərçəkmişlərə birbaşa yardım da göstərməkdən çəkinməsilər. Bir köməkçi ayırın və sosial şəbəkələri izləsinlər, minlərlə ehtiyac içində kömək istəyənləri görəcəksiniz. Ümid edirəm ki, dövlət onların dadına çatacaq. Amma, bu yalnız dövlətlə həll oluna bilməyəcək. Hər kəsin əlini daşın altına qoyma, yardımlaşma, paylaşma zamanıdır.

Razi Nurullayev-milət vəkili
Xəbəri paylaş