Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belə məmurlarla nə edəsən?



Newscenter.az.5.05.2020. Müşahidələr insanda təəccübdən çox, qəribəlik hissi yaradır ki, bizim Azərbaycan dövləti bu cür məmurlarla necə ayaqda qalır, bu cür darğalarla bu xalq necə yaşamına varır? Çox təəssüflüdür.

Dünyanı bürümüş koronavirus pandemiya təbii fəlakəti dövrüdür. Üstəlik də qlobal iqtisadi, neft mənşəli böhran durumu. Ölkə demək müharibə, karantin vəziyyətindədir. Dövlət və xalqı əziyyət çəkir, çıxış yolu axtarır. Bu dar gündə isə, dövlət və xalq onun qulluq və xilasında durması vəzifə borcu olan bəzi məmurlardan, kömək əvəzində, problem, ziyan görür. Və dövlət və onun xüsusi orqanları virus, böhran bir tərəfə, bir sıra zərərli məmurun zərərsizləşdirilməsilə məşğuldur. Bu hal dünyanın hansı ölkəsundə var ki, dövlətin iş gücü, başı bilmir böhrana, yoxsa öz məmuruna qarışsın? Öz pozucu, dağıdıcı, oğru məmuruna.

Bir neçə rayonun icra başçı və digər məmurları həbs edilib. Dünən Biləsuvarın da başçısı həbs edildi. Xəbər var ki, İmişlidə də nəsə, əməliyyat gedir. Bu yandan xalq şairi və millət vəkili Sabir Rüstəmxanlı car çəkir ki Yardımlı rayonunun da icra başçısı yardım oğurlayır gərək həbs edilsin və o yandan, müxtəlif rayonların camaatı rayon icra başçılarının özbaşınalığından şikyətçidirlər.

İllərlə korrupsiya və yeyintilərlə dövləti sökürlər, rüşvətlə xalqı soyub milyonlara sahibdirlər, indi bu çətin dövrdə, kasıb ailələrə gələn yardıma əl uzadırlar. Hətta bax ki, Heydər Əliyev Fondunun göndərdiyi yardımı ac, yoxsul insanlara çatmaq problemi yaradır, mənimsəyirlər. Görünür, xalqa heç, qanuna, öz dövlətinə, onun rəhbərliyinə də hörmət və sanki qorxu, məsuliyyət hissi yoxdur.

Sovet dövrü prokurorluğun bütün sahələr üzrə qanunçuluğa prokuror nəzarəti vardı. Yoxlama, təftiş aparırdı bütün idarələrdə siqnal-şikayətlər üzrə. Əhali istənilən idarə və məmurdan rüşvət, ya özbaşınalıq üzrə prokurora şikayət edirdi. Və dövlət vəsaiti-əmlakını yeyinti siqnallaryla bağlı dərhal yoxlamalar aparırdı. Hər yerdə, hər sahə üzrə xalqın, əhalinin və dövlətin mənafeyini çox sərt və effektli qoruyurdu. Sonralar prokurorluq orqanlarından bu səlahiyyət alındı yalnız hüquq mühafizə orqanlarında cinayət-təhqiqat işlərinə nəzarət üzrə saxlanıldı. Fikrimcə prokurorluğun həmin funksiyası bərpa olunmalıdır, sahibkarlıq şəxsi təsərrüfat yox, dövlət idarə, strukturlarına nəzarət üzrə, bir müvəqqəti dövr üçün. Görünür ki, bizim məmurlara yalnız adminstrativ nəzarət kifayət etmir. Bu fikrə uyğun, canlı misal deyim..

Gənc vaxtım, dağ rayonundan birisində çalışan vaxtım, rayon prokuroru ilə qətl hadisəsi yerinə təcili bir kəndə getdik. Orada məşhur bir kolxoz sədrinin ümumi söhbətdə məzəli, amma ki, çox maraqlı sözü oldu. Dedi ki mən rayonun rəhbəri 1-ci katibdən qorxmuram, amma ki prokurordan qorxuram. Çünki katib məni uzağı işdən çıxarar, amma prokuror məni tutar. Dedi bizi əsas təmiz işləməyə vadar edən prokuror qorxusudur. Belə çıxır, bu günkü məmurlara da lazımdır, "nadzor".

Düşündürücü budur ki, rüşvət-korrupsiya ilə bu qədər var-dövlətə malik məmur elə də bahalı və gəlirli mənimsəmə dəyəri olmayan, kasıb aclara gələn yardıma niyə göz tiksin? Bunun iki cavabı ola bilər. Ya, bunlar insanlıqdan çıxmış, manyak xəstədirlər, mahiyyəti nə olsa belə, mənimsəmə prosesindən psixoloji ekstazla, ləzzət alırlar. Ya da bunlar xəstə deyil, bunu dövlətçiliyə, døvlətə qarşı qəsdən edirlər, xalqı dövlətdən son narazı həddə çatdırmaq üçün. Əgər ikinci variantdırsa bu, yəqin ki, sistemli təşkilli məsələdir, hansısa yuxarı hakimiyyətiçi oliqarxiya və bəlkə də, ölkə xarici, pozucu mərkəzdən yönələn təxribat kimi, bu böhranlı durumdan yararlanmaqla. Budursa, bu çox təhlükəlidir, ölkəmiz üçün hədsiz zərərli.

Bu saat bu pandemiya və iqtisadi böhran dövrü bütün dünya ölklərində daxili birlik və həmrəylik var, vahid yumruq kimi bu qlobal fəlakətə qarşı. Çünki bilirlər ki, bu dövrdə şəxsi, qrup ambisiya fürsətcilliyi bütün ölkəni çökdürə və batıra bilər. Bizim Azərbaycana da, bu vacib anda dövlət və xalq birliyi, cəmiyyət içi, müxalifət içi, iqtidar içi birlik və buradan da, iqtidar-müxalifət-cəmiyyət barış, dialoq, anlaşma xətti vacibdir vətən üçün. Bu andakı pozuculuq, vətənə xəyanət deməkdir.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş