ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Hamılıqla Qarabağa köçmək istəyirik”

13-01-2021, 14:53



Newscenter.az.13.01.2021. Əslən Qərbi Azərbaycandandır, orada doğulub, hazırda Bakıda qaçqınlıq həyatı yaşayır. Doğma vətəninə qayıdacağına bir an belə şübhə etmir. Müzəffər Azərbaycan Ordusunun Qarabağı düşmən işğalından azad etməsi isə ümidlərini daha da artırıb, arzularına qol-qanad verib. Elə qələbə xəbərini eşitdiyi andan Dağlıq Qarabağa köç etmək, orada doğulduğu kəndin adını yaşatmaq -“Ardıc” adında kənd salmaq qərarına gəlib. Və bu ideyasını həmkəndliləri ilə bölüşüb, böyük rəğbət və dəstək görüb fikirləri. Beləcə, birlikdə “ARDIC” Hərəkatı yaradıb, Azərbaycan Prezidentinə istəklərini bildirərək 476 nəfərin imzası ilə müraciət göndəriblər...

Məqsədləri, məramları barədə isə o özü -“ARDIC” Hərəkatının sədr müaviniKamil Məmmədov danışır.

- 1979-cu il təvəllüdlüyəm.Ailəliyəm. Hal-hazırda Bakıda yaşayıram. Ali təhsilli iqtisadçıyam. Kənddədünyaya gəlmişəm. Kəndimiz Ermənistanın Quqark (Qarakilsə, vaxtilə adı Yaqublu olub) rayonunda yerləşir. Təbiəti çox səfalıdır. Sərin bulaqları, yaylaqları var.Adını ermənilər Arçutqoymuşdular.İndi də Arçut deyirlər. Mənası da “ayı balası” deməkdir.Biz azəri türklərinəbu adın heç bir dəxli olmayıb. Ona görə ki, kəndimiz sırf türk yaşayış məskəni olub. Tayfaların hamısı azərbaycan türklərindən ibarət olub. Elə yeri gəlmişkən ermənilər də bizi türk deyə adlandırırdılar. Onların türkdən çox qorxusu var idi. Mən uşaq olsam da bunu görürdüm. Böyüklərimizdən eşidirdim. Böyüklərimiz heç erməniləri saya da almırdılar. Veclərinə də deyildi. Ancaq özlərinin birliyini qoruyub saxlayırdılar. Bizi də elə tərbiyə edirdilər.
Babalarımız ulu əcdadlarının adlarını sadalayırdılar. “Filankəsin yurdu orada, digərinin yurdu burada” deyə, öz aralarında söhbətlər edirdilər. Biz də qulaq asırdıq. Məsələn, deyirdilər ki, “Xan Vəlinin çökəyi”ndə bu hadisələr baş verdi, “Araz yurdu”na -Todar dağının ətəyində idi- yaylağa çıxdıq. “Hənifə toy olan yer”ə-Yaylağımız orada idi- mal-qara sürüsü apardıq və s. Belə söhbətlər çox olurdu.Tayfalar haqqında söhbətlər edirdilər. Qohumlaşmadan, dostlaşmadan danışırdılar. Mərdlikdən, cəsarətdən, hünərdən söz açırdılar. Sonra da ermənilərin 1915-1918-ci illərdə babalarının, nənələrinin başlarına gətirdikləri oyunlardan danışırdılar.Düzdür, bir çox hallarda bizə maraqlı gəlmirdi. Biz uşaqlar oyunlar qurmaq haqqında fikirləşirdik.Ancaq yadımızda qalan şeylər çox olurdu.

Erməni uşaqlarıda bizim kəndə adətən göbələk almağa gəlirdilər. Hiss edirdik ki, bizlə ehtiyatla danışırdılar.Düzdür, dillərini də bilmirdik. Əl işarələri ilə danışırdıq.Ona görə ki, ailədə ancaq öz dilimizdə danışırdıq. Məktəbi də öz dilimizdə oxuyurduq. Sadəcə yuxarı siniflərdə erməni dili bir fənnkimi keçilirdi.

Kəndimizin tarixi adı ardıc ağacından götürülüb və dədə-babalarımız Ardıc adlandırıb. Elə öz aramızda Ardıc deyirdik. Mən həmişə xüsusilə yaşlı insanlardan, qocalardan bu adı eşidirdim. Yalnız rəsmi yazılarda Arçut adlanırdı.Kəndimiz Azərbaycan adətlərini qoruyub saxlayırdı. Mən özümü dərk edəndən ancaq və ancaq öz milli adət-ənənələrimizi görmüşəm və içində yaşamışam. Məsələn, Novruz bayramını böyük həvəslə keçirirdik. Kəndimizin yuxarı hissəsi dağlardan ibarət idi. Yadımdadır, biz məhləuşaqları çıxıb oralardaavtomobil təkərləri yandırıb üzüaşağı kəndə buraxırdıq. Heç ehtiyat da eləmirdik ki, ətrafa yanğın düşər, böyüklər bizim dərsimizi verər. Bizimki zövq almaq idi.Tonqalı səhərə qədər yanılı saxlayırdıq. Musiqi qurub ətrafında yallı gedirdik.Baca-baca payı da ki, öz yerində. Novruz Bayramını çox həsrətlə gözləyirdik. Hələ çərşənbələri demirəm. Kəndimizin ortasından gözəl bir çay axırdı. O çaydan hoppana-hoppana yuxarıya doğru, düz çayın başlanğıcına qədər gedirdik. Yarışırdıq.Niyyət tuturduq. Xüsusilə, kəndimizin qızları öz bəxtlərini sınayırdılar. Suda üzüküzdürürdülər,başlarının altına güzgü qoyurdular, qapı pusurdular və s.. Biz də onları güdürdük.Xatırladıqca nostalji hisslər məni boğur. O günlər üçün çox darıxıram. Xüsusilə gecələr qəhər məni boğur,yuxum ərşə çəkilir. Kəndimizin videogörüntüsü var. Tanınmaz hala salıblar. Yaşayan da yoxdur. Elə bil yetim qalıb. Bizi gözləyir.

Kəndimizdə uşaq olsam da böyüklər içərisində olurdum. Mənə xüsusi zövq verirdi. Yeri gəlmişkən, bir şeyi də deyim, deməli, cavanlar çiyinlərinə maqnitofon qoyaraq musiqi ilə kəndin bütün məhlələrini gəzirdilər. Gizlincə siqaret də çəkirdilər.Kişilənirdilər.Onlara həsədlə baxırdım. Hind kinolarından yazılmış mahnılar dəbdə idi. Bir də Azərbaycan musiqisi səslənirdi. Deyirdim, İlahi, görəsən, mən də tez böyüyəcəyəmmi?! Onlar kimi olacağammı?! Kəndimizə şəhərdən musiqi valları, kassetlər alıb gətirirdilər. Biz yalnız öz musiqimizə qulaq asırdıq. Toylarımız da ki, çox gözəl mənzərə ilə keçirdi. Zurnaçılar, xanəndələr səhərə qədər musiqi ifa edirdilər. “Toy babası” da ki, başqa aləm idi.Axşam qaranlığında xına aparmaq adətinin mənzərəsi bam-başqa idi. Çoxlu gözəl adətlərimiz var idi. Biz uşaqlar heç vaxt kənd həyatından darıxmırdıq və bezmirdik. Əksinə, xüsusi ləzzət edirdi. Axşam və sabahın nə vaxt olacağını bilmirdik. Nə vaxt yatıb, nə vaxt yuxudan durduğumuz yadımıza da gəlmirdi.Başımız o qədər qarışırdı. Yemək vaxtını da unudurduq. Elə əlimizdə çörək –pendir yeyə-yeyə ortalıqlarda gəzirdik.
Ermənilərin başımıza gətirdiyi faciələri yaşamışam. Uşaq idim. Cəmisi doqquz yaşlı bir uşağın fəryadını, faciəsini göz önünə gətimək çox çətindir. Oanları yaşayan anlayar. Bəli, biz Ardıc uşaqları həmin faciəni yaşadıq.Qorxu ilə bir-birimizə baxırdıq. Ağlaşırdıq. Çox yadımdadır. Böyüklərimiz gecələr yatmırdılar. Kəndin girəcəklərində postlar qururdular ki, erməni hücumlarının qarşısını alsınlar. Bizə də deyirdilər ki, balalar siz ancaq paltarla yatın ki, qaça-qaç düşəndə tez qaçasınız.Düzdür, hadisələringərginliyi uşaq olduğumuzdan bir o qədər bizə çatmırdı. Mən indi-indi dərk edirəm ki, o anda bizim böyüklərimiz hansı hissləri keçirirmiş.Evlad itkisi tamam başqa bir faciədir. Heç yadımdan çıxmaz. Bir gün kəndimizə məlumat yayıldı ki, ermənilər hücum etdilər. Hamımız, uşaqlar, qadınlar, yaşlılar ah çəkə-çəkə, fəryad qopara-qopara dağlara doğru qaçdıq. Böyüklərimiz isə müdafiə istehkamlarında yığıldılar.Şükür Allaha, xətadan-bəladan qurtardıq. Heç vaxt yadımdan çıxmaz. Bizim kəndimizin mal-qarasını ermənilər demək olar ki, talan elədilər. Çox ucuz qiymətə aldılar. Çoxusunu da camaatın əlindən aldılar. Uşaq olsam da bütün bunlar mənim gözümün qabağında baş verirdi. Biz sadəcə dinməzcə qalırdıq. Böyüklərimizin gözlərindən axan yaşları seyr etməkdən başqa çarəmiz yox idi.Bir çobanımızı qoyun sürüsü ilə bir yerdə oğurladılar. Heç xəbər-ətər də olmadı.

Nəhayət, qovulduq. Pərən-pərən düşdük. Qazax rayonuna gəldik. Sonra da ayrı-ayrı rayonlara parçalandıq. Ümidim puç oldu. Xəyallarımın üstündən xətt çəkildi. Uşaqlıq dostlarımın demək olar ki, hamısını bir anlığa itirdim. Bundan çox darıxdım, sarsıldım. Nəhayət zaman bizi Bakıya yığdı. Ancaq yenə də eyni qəsəbədə toplaşa bilmədik. Buna baxmayaraq, tez bir zamanda böyüklərimiz bir-birilərini axtarıb tapdılar. Şəhərdə və digər rayonlarda ayrı-ayrı düşsək də adət-ənənələrimiz, qohumluq münasibətlərimiz böyüklərimizi yenə də birləşdirdi. Biz uşaqlar da öz dostluğumuzu yenidən kəşf etdik. Ev telefonları ilə zəngləşdik, görüşdük. Yenə də bir olduq. Tədricən böyüdük. Ruhumuzu bir saxladıq.
Kəndimizdən başlanan dostluğumuz, yaxın qohumluğumuz bu günə qədər də davam etməkdədir.Düz otuz iki ildir ki, kəndimiz icma şəkilində bir yerdədir. İsti münasibətlərimiz var. Mən yenə də öz kəndli dostlarımla bir aradayam.

Düzdür, Bakı bizim doğma şəhərimizdir. Ana Vətənimizdir. Hər şeylə təmin olunmuşuq. Ancaq o uşaqlıq xəyalları, arzuları məni daima özünə çəkir. Bütün günü arzu etmişəm ki, elə bir məqam yetişsin ki, biz yenə də bir kəndə, bir qəsəbəyə, bir obaya yığışaq. Kəndimizə geri qayıtmağın əlçatmaz olduğunu bilmiş olsam da heç zaman bu arzudan, istəkdən əl çəkməmişəm. Yeri gəlmişkən deyim ki, kəndimizin sakinlərinin bir qismi Dəvəçi, digər bir qismi də Abşeronda Türkan üzümçülük sovxozunda bir arada cəmləşib. Bu məni çox sevindirir. Hey elə yerlərə can atıram. Oralara gedəndə elə bilirəm Ardıc uşaqlığıma qayıdıram. Ancaq bu məni heç vaxt qane etməyib. Xarakterim elədir ki, gün ərzində dost-tanış görməsəm, qohum-əqraba ilə danışmasam, dayana bilmirəm. Onlarla nəfəs alıram!

Allah hamının arzularını öz zamanında yerinə yetirir. Allah çox böyükdür. Mən O qüvvəyə səmimi qəlbdən inanıram. Nəhayət, 2020-ci ilin sentyabr ayında başlanan Vətən Müharibəsi mənim də istəyimin yerinə yetməsinin başlanğıcı kimi tarixə düşməlidir. Bu tarixi mən özüm üçün qeyd edirəm. Allahımıza şükürlər olsun ki, Ali Baş Komandanımız, Dövlət rəhbərimiz İlham Əliyevin -biz onu Milli Qəhrəman hesab edirik, böyük sərkərdəliyi və cəsarəti sayəsində Qarabağımız işğaldan azad olundu. Mənim və digər uşaqlıq dostlarımın daistəyi, niyyətiüçün şans yarandı. Döyüşlərdə çoxlu sayda gənclərimiz iştirak etdilər. Onların içərisində mənim dostlarımın evladları da var idi. Mən də müharibəyə getməyə can atdım. Hər zaman özümü hazırladım. Lakin yaşım imkan vermədi. Yaşım 35-i çoxdan keçmişdi. Məni aparmadılar. Həqiqi hərbi xidmət keçmişəm. Vaxtında Vətənimin qulluğunda olmuşam. Mən fəxr edirəm ki, Fərhad Hümbətov kimi Azərbaycanın ilk Milli Qəhrəmanlarından birinin həmkəndlisiyəm. Hümbətovlar ailəsinə bizim xüsusi hörmətimiz var. Adı gələndə hamımız ayağa qalxırıq. Onu iftixarla anırıq. Fərhad Hümbətov kəndimizin ən şərəfli imzasıdır. Digər şəhidlərimiz, qazilərimiz, veteranlarımız da var. Onlarla qürur duyur, adlarını fəxarətlə anırıq. İkinci Qarabağ savaşında da şücaət göstərən igidlərimiz oldu. Şəhidimizvar. Onlar Ardıcın şanlı imzalarıdır. Qəlbimizdəunudulmaz izlər buraxıblar.

Nəhayət,10 noyabr qələbə Bəyannaməsi imzalandı.Hamımız kimi mən də çox sevindim. Qələbəni qeyd etməyə qoşuldum. Bir axşam yadıma yenə kənd düşdü. Ani olaraq fikirləşdim ki, Allah bizə qapı açdı. Nə üçün köçüb orada yaşamayaq?! Ardıc irsini bir kənddə qorumayaq?! Tarixi ədalət bərpa olunmalıdır!Hesab etdim ki, vaxtilə ermənilərin bizə etdiyi zülmlərin acısını yeni həyatla nə üçün çıxarmayaq?! Nə üçün evladlarımız bir-birilərini tanımasınlar?! Nə üçün Ardıcda qalan ulu əcdadlarımızn ruhu şad olmasın?! Bu kimi fikirlərlə düşünə-düşünə qaldım. Lakin vaxtın gəlib çatdığını dərk edib tez hərəkətə keçdim. Uşaqlıq dostlarıma -onlar içərisində alimlər, jurnalistlər, müəllimlər, iş adamları, həkimlər və digər peşə sahibləri var,ziyalılarımız yetərincədir, zəng etdim. “Durmayın! Məqam yetişib! Yenə də bir kənddə yığılmaq şansımız meydana gəlib. Hərəkətə keçək! Dövlət rəhbərimizə müraciət edək! Ölkəmizin birinci xanımı və I Vitse-prezidentimizə üzümüzü tutaq! Onlar humanistdirlər. Qayğıkeşdirlər. Bizə kömək edəcəklər!”, -deyə çağırışlar etdim.Sağ olsunlar, ideyamı bəyənib çağırışıma qoşuldular.

Sevindilər.Tez bir zamanda ölkə rəhbərimizə kəndimiz adından müraciət hazırladıq. Ağsaqqallarımızı, ağbirçəklərimizi ziyarət etdik. Fikrimizi bildirdik. Onların xeyir-duasını alıb 2020-ci ilin dekabr ayının birindən imzatoplama aksiyasına qoşulduq. Mənim bu ideyamla paralal olaraq “ARDIC” İctimai Hərəkatının yaranması ideyası da gündəmə gəldi. Biz həm də həmin Hərəkatı formalaşdırdıq. İmzatoplama aksiyasınısistemli qaydada həyata keçirməyə qərar verdik. Tez bir zamanda bütün kəndimiz bu barədə eşitdi və xoşməramlı “El aksiyası” na qoşuldu. On gün ərzində 340 (üç yüz qırx)nəfərin imzasını Müraciətə qoşub möhtərəm Prezidentimizə göndərdik. Arxasınca daha 136 (yüz otuz altı) nəfərin imzasını ünvanladıq. İndi yenə də aksiyamız davam edir. Ona görə ki, kəndimiz böyükdür. Əhalisi çoxdur.

Bir maraqlı məqama da toxunmaq istəyirəm. Deməli, tarixçilərə də yaxşı məlumdur ki, həm də babalarımızın, nənələrimizn dediklərinə görə, kəndimiz o zonada yerləşən digər azərbaycanlı kəndləri ilə yanaşı, 1914-1918-ci il hadisələrində zorla Türkiyənin Qars əyalətinə köç edib. Bir müddət qaldıqdan sonra geri qayıdıb. Lakin orada qalıb yaşayanlar da olub. Biz Sovet Hökuməti dağıldıqdan sonra onlarla əlaqə saxlayıb gediş-gəliş etmişik. İndi də əlaqələrimiz var. Onlar da bizim bu xeyirxah aksiyaya qoşulublar. Ölkə başçımızarəsmən müraciət ediblər. Onlar deyirlər ki, əgər Ardıc kəndi salınsa, biz də gəlib öz kəndimizdə yaşayacağıq. Ulu əcadadlarımız ayrı düşüblər. İndi biz birləşməliyik. Rusiyada və digər ölkələrdə yaşayan el oğlanlarımız, qızlarımız da eyni fikirdədirlər.

Biz Ardıc sakinləri öz addımlarımızdan çox xoşlanırıq və sevinirik. Ölkə rəhbərimiz cənab İlham Əliyevə və Birinci Vitse-prezidentimiz Mehriban xanıma minnətdarıq. Onlardan kömək gözləyirik. İnanırıq ki, zaman gələcək bizQarabağda öz doğma kəndimizi salacağıq, orada lazımi infrastrukturu yaradacağıq və kənd həyatını yenidən canlandıracağıq. Öz adət-ənənlərimizi yaşadaraq gələcək nəsillərə ötürəcəyik. Hətta mənə zarafatla deyirlər ki, “Kamil, inşallah kəndimiz salınsa, adını rəsmən Ardıc qoyacağıq. Ancaq öz aramızda “Bizim Kamilin kəndi” deyə, çağıracağıq”. İnanın, bu mənə xüsusi zövq verir!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR