Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail-İran gərginliyi və onun Yaxın Şərqə mümkün təsirləri

İsrail-İran gərginliyi və onun Yaxın Şərqə mümkün təsirləri


İsrail-İran gərginliyi Yaxın Şərqə öz mənfi təsirlərini göstərərkən hər iki ölkənin hərbi potensialı tez-tez müzakirə predmetinə çevrilir. Tərəflər mütəmadi olaraq bir-birini təhdid etsə də, mövcud düşmənçilik çağırışları fonunda Tehran və Təl-Əviv arasında hər hansı bir ciddi hərbi qarşıdurmanın şahidi olmamışıq bu zamana qədər.

İran məzhəbsəl xəttən aktiv şəkildə istifadə etməklə regionda fərqli-fərqli adlarla sayları on minlərlə olan, inqilaba bağlı silahlı fanat ordusu, yəni proksi qüvvələr formalaşdırıb. Cənub qonşumuz qeyd etdiyimiz silahlı birləşmələrin fəaliyyətini təşkil etmək üçün hər il milyardlarla dollar həcmində vəsait sərf edir. Bu isə iqtisadiyyatı embarqolara məruz qalmış ölkədə əlavə iqtisadi problemlər yaratmaqla xalqın gündəlik yaşantısında öz əksini tapır. Lakin molla rejimi tərəfindən aparılan anti-İsrail və ABŞ propaqndası səmimi olmamaqla bərabər bölgədə daha çox elə bu güclərin maraqlarına uyğun gəlir. Çünki ABŞ və İsrail proksikəri əsas gətirərək Suriya, İraq, Livan ərazilərinə endirdikləri aviasiya zərbələri əsaslandırmağı bacarırlar.

Proseslərin siyasi mənzərəsi bəlli olsa da, bizə göstərilən reallıqlar fonunda hər iki ordunun hərbi potensialını incələmək labüddür. İran ordusundan fərqli olaraq İsrail silahlı qüvvələri tamamilə müasir dövrün yeniliklərinin bəxş etdiyi üstünlüklər əsasında qurulmuş texnoloji bir ordudur. Mübaliğəsiz olaraq qeyd etməliyik ki, ABŞ-dan sonra dünyada ən üst səviyyədə havadan müdafiə sistemləri məhz İsrailə məxsusdur. Bölgədə ən güclü və müasir, 5-ci nəsil döyüş təyyarələrini ( F 35) aktiv şəkildə istifadə edən tək ölkə məhz İsraildir. Bu əsnada vacib olan bir nüansı da qeyd etməliyəm ki, İsrailin coğrafi baxımdan düzənlik relyefdə yerləşməsi, ərazisinin kiçik olması ölkənin hava hücumundan müdafiəsinin təşkilində mühüm faktorlar arasındadır.

İran haqqında danışdıqda isə, Şah dönəmində rəsmi Tehran ABŞ-ın Yaxın Şərqdə ən yaxın müttəfiqlərindən biri idi. İki ölkənin siyasi və iqtisadi aspektən yaxınlığı özünü ordu quruculuğu prosesində də açıq şəkildə hiss etdirirdi. Belə ki, İslam inqilabına qədər İran ABŞ-ın əsas silah satdığı ölkələrdən biri idi. Dövrün İran şahının döyüş təyyarələri tutqusu ABŞ xəzinəsini doldursa da, ordu üçün məşhur "f 14 Tomcat" kimi dövrün üstün texnoloji yeniliyini qazandırmışdı. Təsadüfi deyil ki, bu gündə ölkənin müdafiə sənayesi böyük ölçüdə Amerika texnologiyalarının tərsinə mühəndisliyi üzərində qurulub. Təbii ki, ballistik roket texnologiyası bu siyahıdan kənarda qərarlaşır. Onlar, ballistik roket istehsalında özlərini inkişaf etdirməyi bacarıblar. Lakin 1979 İslam İnqilabı nəticəsində gözlə görünən müttəfiqlik özünü sözdə düşmənçilik nidalarında gizlətdi və bu yol regiona xaosdan ötə bir şey bəxş etmədi.

Hazırda İran İslam Respublikası hərbi cəhətdən ən qarşıq idarəetmə sistemi qurulmuş ölkələrdən biridir. İran ordusu dedikdə ənənəvi ordu konsepti ilə yanaşı, SEPAH və Bəsic kimi paramilitar güclərlə qarşılaşırıq. Molla rejiminin bu cür qarşıq və bir o qədər də problemli idarəetmə modeli formalaşdırması dini simaların ənənəvi orduya güvənsizliyindən qaynaqlanır. Buna görə də 5-ci nəsil müharibələrin aparıldığı bir zamanda 3-cü nəsil texnologiyalar ilə silahlanmış, idaretemə müxtəlifliyi olan İran silahlı qüvvələrinin üstün performans sərgiləcəyi inandırıcı görünmür. Qısacası İsrail texnoloji aspektdən bütün parametrlər üzrə İrandan üstün orduya sahibdir. Tehranın üstünlüyü isə say çoxluğu və ərazi faktorundan qaynaqlanır. İsrail ordusu hava üstünlüyündən istifadə edərək İranın hərbi infrastrukturuna zərbə endirmək, kritik hərbi təsisatları məhv etmək imkanına sahib olsa da, sözügedən ölkəyə qarşı total hərbi əməliyyatlar icra edə bilməz.

Pərviz Mirizadə-AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi

Newscenter.az üçün
Xəbəri paylaş