Newscenter.az.10.12.2018. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birlikdə 10 dekabr-Ümumdünya İnsan Hüquqları Günü münasibətilə konfrans keçirib. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, tədbir “Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməlləri” mövzusuna həsr olunub.
Konfrans iştirakçıları öncə Dövlət Komissiyasının hazırladığı və nəşr etdirdiyi, Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməllərini əks etdirən fotostend və əyani vəsaitlərlə tanış olublar.
Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xalqımıza məxsus maddi-mədəni irsi məhv etməsiyalnız ölkəmizə qarşı yönəlməyib. Bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktıdır.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov məruzəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməlləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə məlumat verib.
Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “İşğal altındakı tarixi-dini abidələrimiz” mövzusunda məruzəsində ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdiyi cinayətlər haqqında danışıb.
Sonda Dövlət Komissiyasının materialları əsasında çəkilmiş “Sərhəd” sənədli filmi nümayiş olunub.