Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qış tətili ekskursiyaları təşkil edilib

Qış tətili ekskursiyaları təşkil edilib


Newscenter.az.28.01.2019.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdləri üçün qış tətili müddətində maarifləndirici tədbirlər və ekskursiyalar təşkil olunur.

Newscenter.az xəbər verir ki, BŞTİ-nin təşkilatçılığı ilə tətil günlərində məktəblilər Heydər Əliyev Mərkəzinə, Təhsil Muzeyinə ekskursiya edirlər. Heydər Əliyev Mərkəzinə ekskursiya zamanı mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək, müasir Bakının simvollarından biri hesab edilən mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatların nümayiş etdirildiyini bildirirlər. Məktəblilər Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə tanış olurlar. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan Azərbaycan haqqında olduqca maraqlı məlumatlar əldə edirlər.

Təhsil Muzeyinə ekskursiya zamanı şagirdlər qabaqcıl təhsil müəssisələri və müəllimlər barədə məlumatlandırılır, eyni zamanda, tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs vəsaitləri və ləvazimatlar, müxtəlif illərə məxsus dərslik, proqram, əl işləri, albomlar, maketlər və digər eksponatlarla tanış olurlar. Fərqli yaş qruplarının tələbatına uyğun təşkil olunan ekskursiyalar zamanı qısa mühazirələr oxunur, yaradıcı oyunlar keçirilir.

Tətil günlərində məktəblərin və valideynlərin təşəbbüsü ilə digər tarixi məkanlara, mədəniyyət mərkəzlərinə və ali məktəblərə də ekskursiyalar təşkil edilir. Belə ki, "İçərişəhər" və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruqları, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Üzeyir Hacıbəylinin ev muzeyi, Bakı Kitab Mərkəzi, Miniatür Kitab Muzeyi, Şirvanşahlar sarayı, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Azərbaycan Milli İncəsənət Muzeyi və digər muzeylərə də məktəblilər səfərlər edirlər.

Ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, xalçaçılıq, qədim zamanlarda yaşamış insanların həyat tərzi, onların gündəlik və döyüş geyimləri ilə yaxından tanış olurlar.

Bundan əlavə, məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edir, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilir.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf mərkəzləri də tətil günlərində fəaliyyətlərini davam etdirir. Bu müəssisələrdə məktəblilərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şərait yaradılır.

Qeyd edək ki, tətil günlərində məktəblilər üçün maarifləndirici tədbir və ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.
Xəbəri paylaş