
Yazıçı-şairə Dürdanə Qaraşovanın Cəbrayıl şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Cəbrayıl şəhidləri” kitabının təqdimat mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, 1 saylı Cəbrayıl qəsəbə klubunda baş tutan mərasim rayon icra hakimiyyəti başçısının müavini, Fəridə İbayevanın təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Fəridə İbayeva, Tapdıq Nəsirov, Filologiya elmləri üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Yazıçı-publisist Tariyel Abbaslı, Ədəbiyyatşünas alim, Filologiya elmləri üzrə fəlsəfə doktoru Tahir Şirvanlı, YAP Cəbrayıl Rayon Təşkilatının sədr müavini Məhəmməd Əliyev, şairlər Hidayət Səfərli, Kamal Fərhad, Musa Aslanxanlı,
Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədri, Azərbaycan Bayrağı ordenli qazi Tahir Məmmədov və müavinləri, birliyin Cəbrayıl rayon şöbəsi sədri qazi Səməd Atakişiyev, Qarabağ çəmiyyətinin nümayəndəsi Cəlal Xudiyev və birlik üzvləri, mədəniyyət işçiləri, ictimai birliklərin nümayəndələri, yazarlar, şəhid ailələri, müharibə əlilləri və veteranlar, həmçinin 8 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra çıxış edən natiqlər kitabın tarixi əhəmiyyətindən və şəhidlərimizin göstərdiyi qəhrəmanlıq nümunələrindən, onların xatirəsinin daim uca tutulmasının vacibliyindən bəhs edib, bu cür əsərlərin gələcək nəsillər üçün böyük mənəvi dəyər daşıdığını vurğulayıblar.

Təqdimat zamanı kitab haqqında geniş məlumat verilib və müəllifin şəhidlərə həsr etdiyi əsərin ərsəyə gəlmə prosesi üzrə gördüyü işlər haqqında iştirakçılar məlumatlandırılıb. Qeyd olunub ki, “Cəbrayıl şəhidləri” kitabı Vətən uğrunda canından keçmiş qəhrəman övladlarımızın həyat yolunu, döyüş şücaətini və əbədi xatirəsini yaşatmaq məqsədi daşıyır, və tarixi əhəmiyyətə malik olan bu kitab gələcək nəsillərə çatacaq müqəddəs bir əmanətin miras qoyulmasına bir töhfədir.
Sonda tədbir iştirakçılarına təşəkkür bildirilib, şəhid ailələrinə dərin ehtiram ifadə olunaraq və xatirə şəkilləri çəkdirilib.
Süleyman











































