Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SABAH qruplarının tələbələrinə arayışlar təqdim olunub

SABAH qruplarının tələbələrinə arayışlar təqdim olunub


Newscenter.az.30.01.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təcrübə proqramında iştirak etmiş SABAH qruplarında pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrə arayışlar təqdim olunub.

Newscenter.az xəbər verir ki, tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin struktur bölmə rəhbərləri və təcrübə proqramını uğurla başa vuran gənclər iştirak ediblər.

BŞTİ-nin müdiri Rəşad Tağıyev təcrübə proqramını uğurla başa vuran SABAH qrupları tələbələrini təbrik edərək onların fəaliyyətinin yaddaqalan və səmərəli olduğunu söyləyib.

Təcrübə proqramının əhəmiyyəti barədə danışan R.Tağıyev qeyd edib ki, layihə təhsildə müvəffəqiyyət qazanan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaq məqsədilə təşkil olunub. Təcrübə proqramının gənclərdə özünəinamı möhkəmləndirdiyini, kollektivdə işləmək və korporativ ünsiyyət vərdişlərinə yiyələnmək bacarıqları formalaşdırdığını bildirən idarə müdiri onların gələcəkdə yaxşı müəllim və idarəçi olacağına inamını ifadə edib.

İdarə müdiri bildirib ki, təcrübə proqramında 13 gənc BŞTİ-də 1 ay təcrübə keçmək imkanı qazanıb, nəzəri biliklərini real iş şəraitində tətbiq ediblər. Onlardan 4-ü İnsan resursları sektoru, 1-i İnkişaf layihələri sektoru, 4-ü Ümumi təhsil sektoru, 3-ü Ümumi sektor, 1-i isə İnformasiya təminatı sektorunda fəaliyyət göstərib.

BŞTİ-nin struktur bölmə rəhbərləri təcrübə proqramını uğurla başa vuran SABAH qruplarında təhsil alan tələbələrin 1 aylıq fəaliyyəti dövründə öz potensiallarını, bilik və bacarıqlarını nümayiş etdirərək ünsiyyət, kollektivə uyğunlaşmaq, tapşırılan işi layiqincə yerinə yetirmək xüsusiyyətlərinə görə seçildiklərini qeyd edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.

BŞTİ-də onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edən gənclər 1 aylıq fəaliyyətləri dövründə öz ixtisasları üzrə və ümumi dünyagörüşlərinin inkişafı baxımından müsbət təcrübə qazandıqlarını nəzərə çatdırıblar. Xoş münasibətə və öyrədici mühitə görə BŞTİ kollektivinə öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb. SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir.
R.Mehdiyeva
Xəbəri paylaş