
Siyasi şərhçi Elçin Ağamalı regionda və dünyada baş verən proseslər, Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması istiqamətində gedən proseslərlə bağlı Newscenter.az-a müsahibə verib.
-Elçin bəy, bir tərəfdən Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, digər tərəfdən ABŞ-İran gərginliyinin mövcud olduğu, eyni zamanda ayrı-ayrı regionlara ABŞ-ın iddiasının baş qaldırdığı bir atmosferdə dünyanı nə gözləyir?
-Donald Trampın 2-ci dəfə ABŞ prezidenti seçilməsinin ilk ilini bu ölkənin XXI əsrdə ən sərt və çoxşaxəli xarici siyasət kursu kimi səciyyələndirmək olar. Bu da təsadüfi deyil. Trampın seçki kampaniyası zamanı ən çox işlətdiyi bir tezis vardı: Biz ABŞ-ı dünyanın tək ən güclü dövləti edəcəyik. ABŞ-ın bu günkü xarici siyasəti də məhz bu məqsədin həyata keçirilməsinə yönəldilib. Məsələlərin dərinliyinə varmadıqda insana elə gəlir ki, hazırda ABŞ xaotik şəkildə bir tərəfdə özünü sülh elçisi kimi apararaq barışıq yaradır, digər tərəfdən müxtəlif ölkələrə hərbi müdaxilələr edir və ya hərbi təhdid yaradır, başqa bir tərəfdən isə özünün avropalı müttəfiqləri ilə münasibətləri soyudaraq Rusiya-Ukrayna müharibəsində Rusiyanın maraqlarına daha yaxın mövqe ortaya qoyur. Əslində isə ABŞ sistemli şəkildə “parçala və hökm sür” prinsipi əsasında xarici siyasət kursu həyata keçirir. ABŞ Çini özünə qarşı bir nömrəli təhdid kimi görür və bu ölkəni iqtisadi cəhətdən zəiflətməyə çalışır. Dünyanın müxtəlif qitələrində ABŞ-ın iştirakı ilə baş verən hadisələr əsasən bu məqsədə xidmət edir.
İlk növbədə ABŞ öz “bağçasında” münasibətləri qaydasına salmaq istəyir və bu məqsədlə Latın Amerikasında yerləşən bütün ölkələri öz orbitinə qaytarmağı hədəfləyir. Venesuelaya müdaxilənin arxasında dayanan birinci faktor bu idisə, ikinci amil Venesuela neftinin Çin də daxil olmaqla dost olmayan ölklərə satışının qarşısını almaq idi.
Rusiya-Ukrayna münaqişəsində ABŞ-ın hazırki marağı Rusiyanı hərbi və iqtisadi cəhətdən tamamilə taqətdən düşmədən konflikti sonlandırmaqdır. Çünki Tramp Rusiyanı Çinə qarşı dayanacaq və müqavimət göstərəcək bir ölkə kimi görür. Bu gün Rusiya ilə Çin arasındakı mübasibətlər nə qədər yaxın olsa da, heç kimə sirr deyil ki, Çinin Sibir torpaqlarında gözü var və bu ərazilərin nə zamansa ilhaq edəcəyinin planlarını qurur. Heç şübhəsiz ki, bunu Rusiyada da anlayırlar, lakin bu gün zorən dost olmağa məcburdurlar.
Avropa Birliyi ölkələri isə xarici siyasətdə bir sıra hallarda ABŞ-ın maraqlarını gözləmədən öz maraqlarını önə çəkirdilər ki, bu hal Tramp adminstrasiyasını narahat edir. Trampın kollektiv Avropaya qarşı sərgilədiyi siyasətin qayəsində də məhz bu birliyin və ona daxil olan böyük dövlətlərin real vəziyyətini və yerini onlara göstərmək durur.
İran. Bu ölkədə ABŞ-ın çox sayda maraqları vardır və Birləşmiş Ştatlar ümumi münasibətlər sisteminə təsir edən İran amilini birdəfəlik həll etmək niyyətindədir. Birincisi, İran Çini uçuz neftlə təmin edən əsas ölkədir və Çinin iqtisadi zərərləri üçün bu kanal kəsilməlidir. İkincisi İran Rusiya ilə müttəfiqdir və bu ölkədə nəzərdə tutulan hakimiyyət dəyişikliyi İranın xarici siyasət kursunu dəyişməlidir. Digər tərəfdən isə ABŞ mərkəzi hakimiyyətin güclü olduğu İran dövlətinin mövcud olmasında maraqlıdır. Şiə məzhəbinə malik olan güclü İran dövlətinin mövcudluğu karbohidrogen ehtiyatları ilə zəngin olan körfəz ölkləri üzərində daha rahat manipulyasiya etmək imkanları yaradır.
Bu münasibətlər sistemində Hindistanla əlaqələr də ABŞ üçün xüsusi önəm daşıyır. Dünyanın ən böyük bazarlarından birinə malik olan Hindistan ənənvi olaraq Rusiya ilə yaxşı münasibətlərə malikdir. Eyni zamanda Hindistan Çin münasibətləri də soyuqdur və ABŞ bunu dəyərləndirmək niyyətindədir. Bu sıraya Avropa ölkələrinin son dövrlərdə Hindistanla yaxınlaşmaq və bu ölkənin bazarına çıxmaq niyyətlərini də əlavə etsək, o zaman ABŞ-ın Hindistana tətbiq etdiyi gömrük rüsumlarının azaldılması barədə qərarı olduqca rasionaldır.
-Qeyd etdiyimiz kimi hər iki məsələ, həm Rusiya- Ukrayna, həm də ABŞ-İran problemi istiqamətində danışıqlar keçirilir. Artıq müəyyən mərhələdən keçirilib. Sizcə hər iki problem danışıqlar yolu ilə həllini tapacaqmı?
-Rusiya-Ukrayna, və ABŞ-İran qarşıdurmalarında aparılan danışıqların statusu fərqlidir. Birinci halda mövcud müharibənin dayandırılması üçün tərəfləri qane edəcək şərtlər ətrafında danışıqlar gedirsə, ikinci halda müharibənin baş verməməsi üçün tərəfləri razı salacaq nəticələr əldə olunmalıdır. Fikrimcə bütün hallarda Ukrayna müharibənin uduzan tərəfidir və əldə olunacaq nəticələr əsasən Rusiyanın maraqlarına xidmət edəcəkdir. Ukraynanın mövcud itkilərlə barışması psixoloji məsələdir və bu baryer aşılacağı təqdirdə sülh müqaviləsi və ya müvəqqəti dövr üçün atəşkəs imzalanacaqdır.
ABŞ-İran danışıqlarına gəldikdə isə ABŞ-ın İrandan tələb etdiyi istəkləri bu ölkə üçün çox ağırdır. Bu tələblərin yerinə yetirilməsi İranda mövcud olan rejimin var olma səbəblərinin ortadan qaldırılması deməkdir. Bu baxımdan ABŞ-İran danışıqlarında müsbət bir nəticənin əldə olunacağını zənn etmirəm.
-Ancaq ABŞ-ın İranla bağlı tez-tez dəyişkən fikirləri olur. Sizcə bu nə ilə bağlıdır və Amerikanın İranla bağlı əsas niyyəti, hədəfi nədir?
-Qeyd etdiyimiz kimi ABŞ-ın qurmaq istədiyi beynəlxalq münasibətlər sistemində İran əhəmiyyətli ölkələrdəndir. Zəngin karbohidrogen ehtiyatlarına malik olması, əhəmiyyətli coğrafi mövqedə yerləşməsi İranı ABŞ üçün olduqca əhəmiyyətli ölkəyə çevirir. Deyilənlərə İranın ABŞ-la pis münasibətlərdə olmasını, eyni zamanda ABŞ-a rəqib ölkələrlə yaxın münasibətlərdə olmasını da əlavə etsək o zaman bu ölkənin əhəmiyyətini təsəvvür etmək olar. Trampın İranla bağlı gah təhdid, gah da danışıqlar istəyi dilində danışması isə düşünürəm ki, rejimi əvəz edəcək qüvvənin olmaması və ya tam hazır olmaması ilə bağlıdır. Düşünürəm ki, belə bir qüvvələrlə müəyyən təmaslar vardır. Əks halda məchul bir durum şəraitində ABŞ regiona bu qədər qüvvə toplamazdı.
Bu arada Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində gözləntiləriniz nədir?
-Ölkələrimiz arasında sülh müqaviləsinin imzalanması üçün tərəfimizdən irəli sürülmüş tələblərin əksəriyyəti artıq reallaşıb və ya reallaşmaq üzrədir. Ermənistan Konstitusiyasında ölkəmizə qarşı öz əksini tapmış ərazi iddiası ilə bağlı müddəaların əsas qanundan çıxarılması ilə düşünürəm ki, sülh sazişi imzalanacaqdır. Ölkəmiz tərəfindən Ermənistana gedən tranzit yolunun açılması və neft məhsullarının satışı sahəsindəki ticarət münasibətlərinin qurulması dövlətlərimiz arasında etimadın yaranması baxımından çox əhəmiyyətlidir. Sülh müqaviləsi imzalanmadan bu münasibətlərin formalaşması Ermənistan cəmiyyətində Rusiya təsirindən azad olmağın mövcud həll yolunun daha yaxşı anlaşılması baxımından da əhəmiyyətlidir. Düşünürəm ki, Ermənistanla imzalanacaq sülh müqaviləsi yaxın tarixin məsələsidir.
Süleyman











































