Newscenter.az.7.02.2019. Bakı şəhərinin qəsəbədaxili yollarının və küçələrinin yenidənqurulması işləri çərçivəsində cari ildə Xəzər rayonunda ümumi uzunluğu 20 km-ə yaxın daxili avtomobil yolu əsaslı şəkildə bərpa olunacaq. Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, artıq bu çərçivədə Xəzər rayonunda Mərdəkan şosesindən ayrılan və “Badam Bağları” yaşayış massivinə gedən yolun, həmçinin bu yola paralel 2 qəsəbədaxili küçənin əsaslı şəkildə bərpası işlərinə start verilib .
Aparılan işlər çərçivəsində köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Yenidənqurma işləri ümumilikdə ilkin mərhələdə 10 km-ə yaxın yolları əhatə edir.
Layihə çərçivəsində yolun hərəkət hissəsinin eni 7 metr təşkil edəcək. Bunun üçün lazımi qarışıqlardan layihədə nəzərdə tutulmuş hündürlükdə yol əsasının alt və üst layı inşa ediləcək. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə iri və xırda asfalt-beton qarışığından yeni yol örtüyü salınacaq.
Yol boyu zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkilərinin inşası da layihədə nəzərdə tutulmuş işlərdəndir.