Newscenter.az.12.02.2019. Keçən il, sentyabrın 27-də istismar müddətini başa vurmuş eskalatorların yenisi ilə əvəz edilməsi məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanmış “Xətai” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinin daha bir mərhələsi başlanıb. Bu barədə məlumat Newscenter.az-a “Bakı Metropoliteni”ndən daxil olub. Bildirilib ki, dekabr ayının ikinci ongünlüyündə sökülməsi başa çatmış “LT-2” tipli 3 eskalator əvəzinə yenilərinin quraşdırılması prosesinə başlanılıb. Qeyd edək ki, əvvəlcədən tərtib edilmiş plana əsasən, bu işlərə fevral ayında başlanmalı idi.
Təmir-yenidənqurma prosesinin ikinci mərhələsi çərçivəsində köhnə eskalatorların mühərriklərinin beton özülü dağıdılaraq stansiyadan daşınmışdı. Nə qədər ağır olsa da, inşaatçılar bu işin öhdəsindən vaxtından əvvəl və layiqincə gəliblər.
Qeyd edək ki, stansiyada 50 illik istismar müddətini başa vurduqdan sonra sökülmüş 3 köhnə eskalatorun əvəzinə Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Victoria Tube” tipli 4 yeni eskalator quraşdırılır. Bu isə stansiyaya enib-qalxan sərnişinlərin təhlükəsizliyinin daha etibarlı, xidmət səviyyəsinin daha yüksək olması deməkdir.