
“Rusiyanın qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsi ilə bağlı kompensasiya ödəmək qərarı bir qədər gecikmiş addım olsa da, hər halda təqdiredilməli haldır. Rusiya tərəfindən belə bir qərarın verilməsi təkcə texniki və hüquqi məsələ ilə bağlı deyil, eyni zamanda buna siyasi və diplomatik kontekstə baxılmalıdır. Çünki bir qayda olaraq bu cür addımlar dövlətlərarası münasibətlərin xarakteri, qarşılıqlı etimad və regional siyasətə əsaslanır”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Rusiyanın qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsi ilə bağlı konpensasiya ödənilməsi qərarına münasibət bildirərkən səsləndirib. Millət vəkili qeyd edib ki, əslində Moskva bu qərarı ilə məlum hadisə ilə bağlı məsuliyyəti qismən də olsa qəbul etdiyini sərgiləyib:
“Qeyd etmək istərdim ki, bu günə qədər dünyada qarşılaşdığımız anoloji hadisələr olub. Adətən bu cür qərarlar hüquqi öhdəliklərdən, yaxud diplomatik təzyiqlərdən irəli gəlir. Azərbaycan da ötən müddət ərzində ən yüksək səviyyələrdə haqlı istəyinə nail olmaq üçün Rusiyaya diplomatik təzyiqlər etdi. Azərbaycan dövləti və onun rəhbərliyi, Cənab İlham Əliyev dəfələrlə, müxtəlif səviyyələrdə baş vermiş hadisəyə haqlı etirazını ifadə etdi, məsələnin öz həllini tapmasının vacibliyini vurğuladı. Nəticə etibarilə, Rusiya tərəfi sözügedən konpensasiyanın ödənilməsi ilə bağlı qərar verdi”.
Millət vəkili qeyd edib ki, bu qərar, həm də Azərbaycanla münasibətlərin kəskinləşməsinin qarşısını almağa yönəlmiş addımdır:
“Görünür, Rusiyada hansısa qüvvələr çalışırdılar ki, Moskva belə bir qərar verməsin və iki ölkə arasında münasibətlər getdikcə daha da gərginləşsin. Çünki dəfələrlə, müxtəlif dövrlərdə belə bir halın şahidi olmuşuq. Sevindirici hal ondan ibarətdir ki, nəticədə Kreml həmin qüvvələri neytrallaşdımağı və Azərbaycanın haqlı mövqeyini nəzərə almağı daha üstün tutdu. Hesab edirəm ki, Rusiyanın bu addımı Azərbaycanla münasibətlərin qorunmasına Moskva tərəfindən olan marağın göstəricisidir”.
İlham Məmmıədov onu da diqqətə çatdırıb ki, Azərbaycan və Rusiya regionda mühüm tərəfdaşlardır. İki ölkə enerji, nəqliyyat, təhlükəsizlik kimi sahələrdə qarşılıqlı maraqlara malikdirlər:
“Eyni zamanda iki ölkə arasında müttəfiqlik sazişi imzalanıb. Rusiyanın öz müttəfiqinin maraqlarını, haqlı tələblərini nəzər almaması sözügedən sazişin prinsipinə və ruhuna zidd olardı”.
Süleyman











































