Newscenter.az.3.04.2019. Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb.
"Report" xəbər verir ki, fFərmanda ölkəmizin davamlı tərəqqisinin təmin olunması üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri etdiyi vurğulanıb.
Fərmana əsasən, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilib ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.
Eləcə də cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək barədə Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə olunub, Ədliyyə Nazirliyinə tapşırıq verilib.
Bundan başqa, Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib, həmçinin Ədliyyə Nazirliyinə tapşırılıb ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi, bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və s. məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Fərmanda mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının səmərəliliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə mülki prosessual qanunvericiliyi kompleks şəkildə birgə təhlil edib, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək barədə Ali Məhkəməyə, apellyasiya instansiyası məhkəmələrinə, Vəkillər Kollegiyasına və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilib, Ədliyyə, İqtisadiyyat və Vergilər nazirliklərinə tapşırıq verilib.
Həmçinin Ədliyyə Nazirliyinə məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyənləşdirilən müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görmək, məhkəmələrin və digər orqanların qərarlarının icrasının sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də qabaqcıl beynəlxalq təcrübə barədə təkliflərini Azərbaycan Prezidentinə məlumat vermək barədə tapşırıq verilib.
Fərmanda həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması, mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturunun və maddi-texniki təchizatının yaxşılaşdırılması, birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi və digər məsələlərlə bağlı tövsiyə və tapşırıqlar verilib, məhkəmə hakimlərinin ümumi sayının 200 nəfər artırılması tapşırılıb.