Newscenter.az.19.04.2019. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda “dəyirmi masa” keçirilib.
Newscenter.az xəbər verir ki, “Dəyirmi masa”nı giriş nitqi ilə açan Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli şair və mütəfəkkir İmadəddədin Nəsiminin Azərbaycan dilinin və ədəbiyyatının inkişafında müstəsna xidmətlərinə görə, 2019-cu ilin “Nəsimi İli” elan olunması haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncam imzalayıb. Qeyd edib ki, dövlətimiz tərəfindən “Nəsimi İli”nin elan edilməsi ədibə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir.
MDTF-nin icraçı direktoru Mehman İsmayılov bildirib ki, Prezident İlham Əliyev tərəfindən “Nəsimi İli”nin elan olunması bütövlükdə Azərbaycan mədəniyyətinin, onun əsas elementləri olan dilimizin, ədəbiyyatımızın və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmətin bariz nümunəsidir.
M.İsmayılov bildirib ki, ulu öndər Heydər Əliyevin xalqımızın milli-mənəvi və mədəni irsinin inkişafı sahəsindəki fəaliyyət istiqamətləri bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulayıb ki, dövlət başçısının təşəbbüsü ilə şairin bütün əsərləri latın qrafikası ilə yenidən nəşr olunub, 2017-ci ilin may ayında Parisdə UNESCO-nun mənzil-qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva bildirib ki, İslam irfan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan Nəsimi poeziyada fəlsəfi fikrin təməlini qoyanlardan biridir. Nəsimi yaradıcılığında sufizm və multikultural mahiyyətin qabarıq nəzərə çarpdığını qeyd edən Səadət Şıxıyeva dahi mütəfəkkirin Azərbaycan poetik dilinin inkişafına böyük təsirini vurğulayıb.