Newscenter.az.22.04.2019. Bu il Azərbaycan dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edəcək. Bu da uğurdur!
Uğurlar yalnız o adamları sevindirə bilir ki, orda payları, imzaları var . Uğurlar düşmən xislətli adamlarda isə qıcıq, xainlik yaradır və onları pis əməllərdə şərik olmağa sürükləyir. Xarici anti-Azərbaycan qüvvələri və “5-ci kolon” bu qəbildəndir, hazırda Azərbaycan naminə, mövcud hakimiyyət əleyhinə hər cür pislik üçün yenidən hərəkətə keçib.
Məqsəd odur ki, Azərbaycan tutduğu xətdən imtina etsin. Etmədikdə isə, müxtəlif təşkilatlar, sorğu mərkəzləri dövlət başçısı, onun komandası, ailəsi haqqında hər cür qarayaxma kampaniyasını, böhtanı, ittihamı dövriyyəyə buraxır.
Bunun qarşılığında prezident İlham Əliyev bütün diqqətini cəmiyyətin problemləri ilə məşğul olmağa yönəldir, çünki yalnız iqtisadi cəhətdən inkişaf etmiş, vətəndaşı sosial qayğılardan uzaq, sabitliyi dönməz xarakter alan bir ölkə xarici təzyiqlərə, daxili hücumlara sinə gərə bilər. İlham Əliyev bəzən şəxsinə yönəlmiş ən idbar forma alan gözdənsalma kampaniyalarına səbr nümayiş etdirib, cəmiyyətin qarşısına gördüyü, görmək istədiyi işlərin siyahısı ilə çıxır.
Son 1 ildə başladılan yeni iqtisadi islahatlar nəticəsinə əldə olunan əlavə gəlirlər əhalinin sosial problemlərinin həllinə yönəldilir. Əhalinin rifahını yüksəltməyə xidmət edən addımların həm əhatəsi, həm də maliyyə tutumu artıb. Açıqlanan rəqəmlərə istinad etsək, sosial sahəni əhatə edən fərman və sərəncamların maliyyə yükü büdcədən əlavə 2,5 milyard manata yaxın bir məbləğlə ifadə olunur və icra olunan sosial paket Azərbaycan əhalisinin az qala yarısına şamil olunacaq. Arxada qoyduğumuz 3-4 ay ərzində narahatçılıq doğuran əksər problemlər cözümünə qovuşub. Xalqla təmas daha da intensivləşib.
Başqa yeni islahatlar anons edilib və ortada icraya yönəldilən konkret qərarlar da var. Səhiyyə, məhkəmə və başqa sahələrdə narahatçılıq doğuran halların tam aradan qaldırılması üçün sənədlər imzalanıb.
Ümumi yanaşdıqda isə Azərbaycan son dövr də daxil olmaqla 15 ildə dinamik inkişaf edib, müasirləşmək imkanı qazanıb, ölkəmizin dünyaya inteqrasiyası qarşısıalınmaz bir sürətlə gedib və bütün bu uğurlar məhz İlham Əliyevin adı ilə bağlıdır. O, prezidentlik dönəmində Azərbaycanı hər cür çətinliklərdən qorumaq, daha da gücləndirmək missiyasını uğurla gerşəkləşdirə bilib.
Azərbaycan investisiya yatırılan ölkədən, investisiya qoyan, çeşidli xarici məhsullar idxal olunan ölkədən, müxtəlif növlü mal ixracatçısına çevrilib. Ölkəmiz qlobal iqtisadi proyektlərin başlıca səhmdarı statusuna çatıb.
Bununla yanaşı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artıb. Elə bir il olmaz ki, ölkəmizin dünyada nüfuzunu gücləndirən, gücünə-güc qatan beynəlxalq səviyyəli addım atılmasın.
Dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri quran Azərbaycan indi bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan istənilən təzyiqlər qarşısında məhz bunlara görə qorxusuz, özünə güvənən, özünə arxayın, inamlı, qürurlu dayanır.
Əslində Azərbaycanın uğurlarına sevinən, onun mənafeyini güdən, qanında bu millətin qanını daşıyan hər bir fərd görülən işlərin miqyasını dərk edər, nəinki “5-ci kolon”un xain ssenarilərinə dəstək verər; xaricdə oturub, ölkəsi əleyhinə çirkin kampaniya aparar. Təəssüf ki, vəziyyət məhz belədir! Azərbaycana xain gözlə baxanlar çoxalır.
Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir; Azərbaycanın iqtisadi gələcəyinin qarantı olan qaz layihələri-TANAP, TAP, əfsanəvi Transxəzər proyekti xəyaldan gerçəkliyə qovuşur.
Ölkəmizi sevməyən xarici dairələrin narahatçılığı məhz bu məqamdadır.
Bir müddətdir ki, “Trensparency İnternational”, “Amnistey İnternational”, OCCRP və digər bu kimi qurumlar hərəkətə gətirən səbəb də bu amildədir. İstər xarici anti-Azərbaycan qüvvələri, istər “5-ci kolon” çalışır ki, Azərbaycan hər cür böhtanla beynəlxalq qınaq obyektinə çevrilsin, ictimai narazılıq artsın, ölkədə qarmaqarışıq bir vəziyyət yaransın, bundan istifadə edən maraqlı çevrələr Azərbaycan üzərindən özlərinə gərəkli olan ssenariləri başlatsınlar.
Ən pis ssenari iqtidarın opponentlərinə də lazımdır! Uzunömürlü müxalifətçilik onu günbəgün zəiflədib meydandan çıxarma qorxusu altında saxlayır. Odur ki, güclənən Azərbaycanın əleyhinə formalaşacaq üçbucağın xarici anti-Azərbaycan, “5-ci kolon”, üstəgəl siyasi müxalifətlə tamamlanması şübhə doğurmur.
İlham Əliyevsə sırf daxili siyasətdə möhkəmlənmək, uğurlar qazanmaq üçün aparılması vacib olan sosial-siyasi islahatları dərinləşdirəcək, xalqla dövlətin birliyini daha da möhkəmləndirmək üçün zəruri addımlar atacaq. Ona görə də hansısa çirkli planların hansısa qüvvələr üzərindən Azərbaycanda təkrarlanması imkanları yenə də minimuma enəcək. Çünki xalqa, iyrənc, qorxunc planlarda alət olmaq yox, məhz islahatlar və bu islahatların nəticəsində problemlərin aradan qalxması lazımdır ki, hakimiyyət ilk növbədə bu siyasətə hazırlıq aparır. Gücünü xalqdan alan bir hakimiyyət necə etməlidirsə, İlham Əliyev də məhz belə edir!
ELMAN BABAYEV