Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göygöl rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib



Newscenter.az.20.06.2019. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, yeni dəstək mexanizmlərinin hazırlanması və tətbiqi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində fəaliyyətini davam etdirir.

Newscenter.az-a İqtisadiyyat Nazirliyindən bildirilib ki, iyunun 20-də bu istiqamətdə növbəti tədbir Göygöl rayonunda keçirilib. Forumda Göygöl rayonunun iqtisadi potensialına uyğun olaraq kənd turizmi layihələrinin maliyyələşdirilməsi, cins heyvandarlıq, üzümçülük, kartofçuluq və arıçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara metodiki materiallar təqdim olunub.

İşgüzar forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığln İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, bu ilin ötən dövründə 463 sahibkarın ümumi dəyəri 175,7 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 46 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1800-dək iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 781 min manat güzəştli kredit verilib. Verilən güzəştli kreditlər heyvandarlıq, bağçılıq, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək.

Ümumilikdə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 275,6 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Gəncədə güzəştli kredit ayrılan tikinti materialları istehsalı müəssisəsinə baxış keçirilib.
Xəbəri paylaş