Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın günlərdə qadağan olunan yerlərdə saxlanılan avtomobillərin təxliyyəsinə başlanılacaq



Newscenter.az.25.06.2019. Nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin edilməsi və yol hərəkətinin təşkili sahəsində tədbirlər davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən Newscenter.az-a verilən məlumata görə,
gündəlik olaraq paytaxtın inzibati ərazisində dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirləri görülür. Proses həm xüsusi proqram təminatı olan planşetlərlə təmin olunmuş əməkdaşlar, həm də qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameraları vasitəsi ilə icra edilir.

İnzibati tədbirlərlə yanaşı, sürücülərin yol hərəkəti qaydalarına, o cümlədən dayanma və durma qaydalarına əməl etməyə sövq edən maarifləndirmə işləri də aparılır.

Görülən müvafiq tədbirlər sayəsində bır sıra, xüsusən də mərkəzi küçə və prospektlərdə nəqliyyat axını əhəmiyyətli dərəcədə yaxşılaşıb, yolların buraxıcılıq qabiliyyəti artıb.

Vətəndaşların əvvəlcədən məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq bildiririk ki, yaxın günlərdə Agentlik tərəfindən dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması– təxliyyə xidmətinə başlanılacaq.

İlkin olaraq təxliyyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcəkdir. Təxliyyə prosesi əsasən, yolun hərəkət zolağında, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edərək digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələrinə qarşı tətbiq ediləcəkdir.

Şəffaflığın təmin edilməsi məqsədi ilə təxliyə prosesinin video qeydiyyatı təmin olunacaq. Təxliyə olunan nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi avtobus deposunun ərazisindəki, Hökumət Evi qarşısındakı və Fizuli və Mirzağa Əliyev küçələrinin arasındakı yeraltı avtomobil duracaqlarına daşınacaq. Hər iki duracaqda nəqliyyat vasitələri sahiblərinin qanunvericiliklə nəzərdə tutulan ödənişləri etməsi üçün müvafiq terminallar quraşdırılıb. Ödənişlər yalnız nağdsız qaydada aparılacaq.

Bir daha bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və bir-birimizə qarşı anlayışlı olmağa səsləyirik. Yalnız anlayışla yanaşdığımız halda, şəhər yollarında hərəkətin daha rahat, maneəsiz və təhlükəsiz olacağına ümid edirik.
Anar
Xəbəri paylaş