Newscenter.az.5.07.2019. Ermənistan silahlı qüvvələri Baş qərargahının rəisi, general-leytenant Artak Davtyanın iyulun 3-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gələrək, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə baş çəkməsi və separatçı rejimin rəhbərləri ilə görüşməsində qeyri-adi, fövqəladə heç nə yoxdur.
Ermənistan XİN rəhbəri Z.Mnatsakanyanın da Qarabağ səfər etməsi və qondarma "DQR"-in rəhbəri sayılan Bako Saakyanla 3 saat davam edən görüş keçirməsi də sıradan bir görüşdür və protokol xarakteri daşıyır. Daha doğrusu, rəsmi İrəvan bu cür diplomatik-siyasi jestlərlə həmsədrlərə və dünya ictimaiyyətinə göstərmək istəyir ki, Dağlıq Qarabağ probleminin həlli Paşinyan hökuməti üçün həqiqətən də prioritet məsələdir və guya münaqişənin həlli istiqamətində qızğın iş gedir. Amma əsl həqiqətdə isə Paşinyan və onun nazirləri sadəcə görüntü yaratmaqla, gözə kül üfürməklə məşğuldur.
Davtyanın və Mnasakanyanın Azərbaycanın işğal olunmuş ərazilərinə son səfərlərinə də məhz bu yöndən baxmaq lazımdır. Yəni ki, bu səfərlər heç də müharibəyə hazırlıq anonsu deyil. Ermənistanın hal-hazırda Azərbaycanla müharibə aparmaq iqtidarında olmadığı zatən hər kəsə bəllidir. Odur ki, sabiq xarici işlər nazirimiz Tofiq Zülfüqarovun "İrəvan mütləq müharibəyə başlayacaq" tipli proqnozu da hazırki an üçün real səslənmir.
Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri