Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyanda uzunluğu 17.2 km olan yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur



Newscenter.az.15.07.2019. Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə cari ildə icra olunan layihələr sırasında Salyan rayonunda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur.


Newscenter/.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, söhbət uzunluğu 17.2 km olan yerli əhəmiyyətli Abadkənd-Kolanı-Xələc-Yenikənd avtomobil yolundan gedir.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan Abadkənd-Kolanı-Xələc-Yenikənd avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan 10 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna, həmçinin Salyan-Şirvan avtomobil yolu vasitəsi ilə Hacıqabul-Bəhrəmtəpə-Mincivan və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi magistral avtomobil yollarına rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaq və bununla da iqtisadiyyatın inkişafına təkan verməkdir.

Sözügedən yol boyu işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Yolun eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qruntun qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb.

Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri aparılır. Yol əsası hazır olan hissələrə isə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik 476 paqon-metr uzunluğunda metal və dəmir-beton suötürücü borular quraşdırılır.

Bundan başqa yol boyu mövcud körpülərin məhəccərləri sıradan çıxdığı, təkərqaytaranlar və gediş hissəsi tavası yararsız vəziyyətə düşdüyü üçün bu istiqamətdə də təmir-bərpa işləri görülür.

Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə 2 avtobus dayanacağının tikintisi, 17 km göstəricinin, 110 yol nişanı və məlumatverici lövhələrin, 160 siqnal dirəyinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən yolda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.
Anar
Xəbəri paylaş