Newscenter.az.23.10.2019. Prezident İlham Əliyevin bugünlərdə Baş nazirin müavini vəzifəsindən gedən Hacıbala Abutalıbovla görüşdə dediyi sözlər və onun yaşlı məmurlara hörmət və ehtiram çərçivəsində mesaj ünvanlaması olduqca təqdirəlayiq haldır. Dövlət başçısının bu çağırışı həm də cəmiyyətin gözləntilərinin doğrulması, gerçəkləşməsi anlamına gəlir. Yaşlı məmurların təqaüdə göndərilməsi cəmiyyətdən gələn istəyin ifadəsidir.
Gəlin cənab Prezidentinin çıxışının həmin hissəsinə birlikdə bir də nəzər salaq:“Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər.
Hər halda mən buna ümid edirəm”. Biz də Prezidentin bu ümid hissini bölüşürük və lap yaxın zamanlarda qocaman məmurların öz postlarını tərk edərək cavan və novator düşüncəli kadrların önə çıxmasına yaşıl işıq yandıracaqlarını gözləyirik. Ölkə başçısının köklü kadr dəyişiklikləri kursuna start verməsi Azərbaycanın sosial-iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq, bəzi məmurların neqativ əməlləri və səhlənkarlığı ucbatından yığılıb qalmış problemlər öz həllini tapacaq. Odur ki, biz də cəmiyyət olaraq son kadr dəyişikliklərinə dəstək verməliyik. Prezidentin kadr dəyişiklikləri siyasətinə dəstək verməyimizin tam zamanıdır.
Əlisahib Hüseynov-Demokratik Azərbaycan Dünyası Partiyasının sədri