Newscenter.az.14.02.2020. Beynəlxalq Miqrasiya Təşkilatının Quba, Qusar, Xaçmaz, Masallı, Lənkəran, Astara regionları və Gəncə şəhərindən olan gənclər üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə yaxın əməkdaşlıq şəraitində biznes təlimlərinə başlayır. Newscenter.az xəbər verir ki, təlimlər BMqT-nin 2018-ci ilin sentyabr ayından etibarən Azərbaycan Respublikası Hökuməti ilə birgə Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində təşkil olunur.
Layihə çərçivəsində gənclərin inkişafına istiqamətlənmiş müxtəlif fəaliyyət növləri – özünəməşğulluğa, əməkbazarına çıxışa dəstək, potensialların artırılması və s. nəzərdə tutulmuşdur. Bu fəaliyyətlərdən biri də region gəncləri üçün kiçik biznes təlimlərinin təşkilidir. Bu məqsədlə, Quba, Lənkəran və Gəncə şəhərlərində ümumilikdə altmış gənc üçün üç günlük intensiv kiçik biznes təlimləri təşkil olunacaqdır. Təlimi uğurla başa vurmuş və biznes planı qiymətləndirmə komissiyası tərəfindən yüksək qiymətləndirilmiş iştirakçılara mikro sahibkarlıq fəaliyyətlərini həyata keçirmək üçün qeyri-nağd dəstək göstəriləcəkdir.
Üç günlük biznes təlimləri fevral-mart aylarında keçiriləcəkdir. İlkin seçim mərhələsini keçmiş gənclər təlimlərə dəvət olunacaqdır. Təlimlərdə tam və aktiv iştirak edən gənclər biznes ideyalarının reallaşdırılmasına əlavə dəstək üçün biznes plan təqdim etmək hüququ əldə edəcəkdir.