Newscenter.az.8.04.2020. “Qarabağımızın acı taleyində vaxtilə "iblis" rolunu oynayan Levon Ter-Petrosyan bu gün də öz mənfur "missiya"sından əl çəkmir”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, Levon Ter-Petrosyanın Köçəryan və Serj Sarkisyanı xəyanətdə ittiham etməsi və Paşinyanı dəstəkləməsi təəccüblü deyil, gözlənilən idi:
“Çünki Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan hazırda həbsdə olan xələfi Robert Koçaryanı və sabiq prezident Serj Sarqsyanı özünün əbədi rəqibləri və hətta düşməni hesab edir. Vaxtilə məhz bu cütlük L.Ter-Petrosyanı prezident postundan istefa verməyə məcbur edib. İndi Ter-Petrosyanın sabiq prezidentlərə xəbərdarlıq etməsi və onları xəyanətdə suçlaması da ilk növbədə köhnə ədavətdən irəli gəlir. Ter-Petrosyan xələflərinin adlarını çəkməsə də, R.Köçəryan və S.Sarqsyanın mətbuat vasitəsilə hazırki Ermənistan hökumətinə qarşı “ikinci cəbhə” açdıqlarını bildirib və bunu xəyanət adlandırıb: “İndiki şəraitdə hökuməti tənqid edənlər kömək etmir, əksinə, özləri üçün siyasi xal qazanırlar. Bu adi vəziyyətdə normal sayılsa da, müharibədəki kimi indiki şəraitdə xəyanətə bərabərdir”. O, Köçəryan və Serj Sarqsyanı öz nəzarətlərində olan KİV-lərdə hakimiyyətə qarşı mübarizəni təcili dayandırmağa çağırıb”.
Partiya sədri qeyd edib ki, koronavirus pandemiyası və Qarabağdakı son vəziyyətlə bağlı ölkə ictimaiyyətinə müraciət edən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan fürsətdən istifadə edib Nikol Paşinyana dəstək nümayiş etdirməyi də gecikdirməyib:
“Belə ki, o, mövcud hökumətin koronavirusa qarşı mübarizəsini təqdir edib və Paşinyan hakimiyyətinə qarşı tənqidləri sonraya saxlamağa çağırıb. Ter-Petrosyan təriflədiyi Paşinyanın hakimiyyətə gəlişindən sonra siyasi baxımdan bir-birinə zidd bir neçə cəbhəyə bölünmüş erməni ictimaiyyətini pandemiya ilə mübarizədə birliyə, həmrəyliyə çağırıb. Yeri gəlmişkən, milli birlikdən, həmrəylikdən dəm vuran L.Ter-Petrosyan martın 31-də separatçı rejim tərəfindən Qarabağda keçirilən qanunsuz “seçki”lərlə bağlı yaranmış vəziyyətə münasibət bildirməyi də unutmayıb. Paşinyanın Dağlıq Qarabağdakı hazırki siyasi böhranı çözə bilməməsini başa düşən və "seçki"lər ətrafında baş qaldırmış iğtişaşların Qarabağın itirilməsi ilə nəticələnə biləcəyindən narahat olan L.Ter-Petrosyan sözügedən iğtişaşlara son qoymaq üçün ən qısa müddətdə yeni hakimiyyət orqanlarını yaratmağın və beləliklə respublikaya tam nəzarəti təmin etməyin vacibliyini vurğulayıb. Ermənilərin sabiq prezidentinin bu narahatlığı anlaşılandır. Çünki Dağlıq Qarabağ və ətraf rayonlarımız məhz bu hiyləgər və məkrli siyasətçinin prezident olduğu dönəmlərdə Ermənistan silahlı qüvvələri və terrorçuları tərəfindən işğal edilib. Qarabağın işğal edilməsini özünün bütün ermənilər qarşısında böyük xidməti hesab edən L.Ter-Petrosyan indi hər cür vasitə ilə dəstəklədiyi Nikol Paşinyanın da hazırda Qarabağda baş verən siyasi proseslərdə uduzmasını istəmir. Uzun müddətdir ki, kölgəyə çəkilən L.Ter-Petrosyanın indi birdən-birə "zühur" edərək fəallaşması və erməni ictimaiyyətini Paşinyan hakimiyyətinə qarşı tənqidləri sonraya saxlamağa çağırması da məhz bununla əlaqədardır. Başqa sözlə desək, Qarabağımızın acı taleyində vaxtilə "iblis" rolunu oynayan Levon Ter-Petrosyan bu gün də öz mənfur "missiya"sından əl çəkmir”.
Mehman