Newscenter.az.7.05.2020. Cəbhəyanı kəndlərin sosial problemlərinin həlli istiqamətində dövlət başçısınının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Avtomobil yolarının yenidən qurulması dövlət siyasətinin əsas prioriteti hesab olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir.
Newscenter.az-a Dövlət Agentliyindən bildirilib ki, Ağdam rayonunda cari ildə 3 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətdə işlər yekunlaşmaq üzrədir. Söhbət IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 15 km olan yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yolundan gedir.
Yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yolu uzun illər istismar olunduğundan və təmir arası istismar müddəti keçdiyindən yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Üstəlik yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalaraq yolun hərəkət hissəsi yuyulmuşdur.
Qeyd olunanlar nəzərə alınaraq yolun dağılmış hissələrin qazılaraq çıxarılması və yenidən təmir olunması, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmir olunması məqsədi ilə hazırlanmış layihəyə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işlərinin sahəsi 150 min kv.m-dir.
Tikinti norma və standartlarına uyğun olaraq yol boyu torpaq işləri aparılıb, yolun mövcud dağılmış örtüyü sökülüb, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülüb, yol əsasının alt layı karxana çınqılı, üst layının isə optimal çınqıl qarışığı ilə salınıb. Yolun çiyin hissələrin də eyni materialla təmirinin asfaltlanma işlərindən sonra aparılması nəzərdə tutulur. Hazırda yola 12 sm hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
Bundan başqa avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən müxtəlif diametrlərə malik boruların sökülərək çıxarılması, əvəzinə yeni metal və dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri də layihədə üzrə həyata keçirilib.
Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkilı üçün isə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.
Ümumilikdə 6 mindən çox əhalinin yaşadığı 3 cəbhəyanı kəndi əhatə edən yolun yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.
Anar