Newscenter.az.12.05.2020. Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirir.
DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, son bir neçə gün ərzində 3 halda 55 kiloqram 360 qram narkotikə oxşar vasitənin İran İslan Respublikasından Azərbaycan ərazisinə gətirilməsinin qarşısı alınıb.
Mayın 10-da Astara rayonunun Orucməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına cəhd əlamətləri aşkar olunub, əraziyə baxış keçirilərkən sahibsiz halda 1 ədəd çanta tapılıb. Çantada 3 ədəd bağlamada ümumi çəkisi 11,9 kiloqram olmaqla 4 900 qram “Marixuana”ya, 3 450 qram “Heroin”ə, 1 550 qram “Tiryək”ə, 2 000 qram “Metafetamin”ə, 3 800 ədəd “Metadon M-40” həbinə oxşar vasitə aşkar olunub.
Həmin gün DİN əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində Astara rayonunun Pəlikəş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 5,56 kiloqram “heroinə” oxşar vasitə aşkar olunub.
Mayın 11-də Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər sərhəd pozucusunun hərəkəti aşkar olunaraq ona “Dayan” əmri verilib, qaçaqmalçı dövlət sərhədindən qanunsuz keçirdiyi əşyaları ataraq geri qaçıb. Həmin əşyalara baxış keçirilib, selofan bağlamalarda ümumi çəkisi 37,9 kiloqram olmaqla, 19 180 qram “tiryək”ə, 16 305 qram “heroin”ə, 2 415 qram “marixuana”ya oxşar vasitə aşkar olunub.
Qeyd edilən faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.