Newscenter.az.9.08.2020. Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy sakinlərinə rayonun yaradılmasının 90 illiyi münasibətilə təbrik ünvanlayıb.
Newscenter.az xəbər verir ki, təbrikdə deyilir: “Azərbaycanın ən böyük rayonlarından biri olan Goranboy rayonunun inzibati ərazi vahidliyi kimi yaradılmasının 90-cı ildönümü tamam olur.
Hazırda 1700, 25 kvadrat kilometr ərazidə 116,9 min nəfər əhalinin yaşadığı, 11 847 məcburi köçkünün məskunlaşdığı, 2 şəhər, 6 qəsəbə və 79 kənddən ibarət olan Goranboy rayonu Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 08 avqust 1930-cu il tarixli qərarı ilə inzibati rayon kimi təşkil olunub.
Zəngin tarixə və qədim ənənələrə malik olan Goranboy rayonu tarixi İpək yolunun üzərində yerləşməklə Qara dənizlə Xəzər dənizi arasında strateji rol oynayıb və bəşər sivilizasiyasına öz töhfələrini verib.
Goranboy rayonu Azərbaycan tarixinə “Qarabağnamə” əsərinin müəllifi, tanınmış tarixçi-alim Mirzə Adığözəl bəy, məşhur xalq Qəhrəmanı Alı Adıgözəlov, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Ədliyyə və Poçt-Teleqraf naziri Aslan bəy Səfikürdinski, Sovet İttifaqı Qəhrəmanları Məmməd Məhərrəmov, İdris Süleymanov, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırova, xalq şairi Nigar Rəfibəyli kimi görkəmli şəxsiyyətləri bəxş edib.
Qarabağ Müharibəsində və erməni işğalçıları ilə sonrakı hərbi əməliyyatlarda goranboylular böyük şücaət göstərib, bu döyüşlərdə 300-dən çox rayon sakini şəhid olub və onlardan 9 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Goranboy rayonunun sosial-iqtisadi inkişafı istər Sovetlər Birliyi dönəmində , istərsə də müstəqillik illərində Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olub. Ulu Öndərimiz 3 dəfə Goranboy rayonuna səfər edib və rayonun respublikamız üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq söyləyib: ”Goranboy rayonu Azərbaycanın iri, çox böyük iqtisadi potensiala malik olan və strateji xarakter daşıyan rayonudur”.
Bu gün davamlı inkişaf dövrünü yaşayan Goranboy rayonu təmas xəttinə yaxın həssas bölgə kimi möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı ilə əhatə olunub. Təsadüfi deyil ki, dövlət başçısımız Goranboya 7 dəfə səfər edib və rayonun sosial-iqtisadi inkişafına yönələn 22 sərəncam imzalayıb.
Məhz bütün bunların nəticəsidir ki, son illər ərzində Goranboy rayonunda bir sıra infrastruktur layihələri uğurla icra olunub, bir çox sosial təyinatlı obyektlər istifadəyə verilib, rayon ərazisində genişmiqyaslı quruculuq və abadlıq işləri aparılıb və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətlərində zəruri tədbirlər görülüb”.
Millət vəkili Ağalar Vəliyev Goranboy rayonunun yaradılmasının 90 illiyi münasibətilə rayon sakinlərinə və seçicilərinə səmimi təbriklərini və xoş arzularını çatdırıb, hər zaman dövlətimizə və dövlətçiliyimizə sadiq olan goranboyluların bundan sonra da doğma Azərbaycanımızın gələcək inkişafına dəyərli töhfələr verəcəyinə əminliyini ifadə edib.