Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DADP sədri: "Bu dünya birliyinə, BMT-yə və ATƏT-in Minsk qrupuna meydan oxumaq deməkdir"



Newscenter.az.18.08.2020. “Ermənistanın baş naziri Nikol Paşinyanın və Müdafiə naziri David Tonoyanın Azərbaycanı zaman-zaman hədələmələri, “yeni ərazilər üçün yeni müharibə” şüarı ilə ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirmələri az imiş kimi, indi də Dağlıq Qarabağda yuva salmış separatçı-terrorçu rejimin “başçı”sı Araik Arutunyan Gəncəni vurmaqla hədələyir. Bu, təkcə Azərbaycana deyil, eyni zamanda dünya birliyinə, BMT-yə və ATƏT-in Minsk qrupuna meydan oxumaq deməkdir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, erməni terrorizmi artıq azğınlıq mərhələsinə daxil olur:

“Tovuz təxribatını törətdikdən sonra cəzasız qaldıqlarını görən və Minsk qrupunun həmsədrləri tərəfindən heç bir qınağa, təzyiqə məruz qalmayan ermənilər bir qədər də şirnikləndilər. Paşinyanın “HARDtalk”dakı həyasız açıqlamalarından və A.Arutyunyanın bu cür yekəbaşlığından sonra işğalçı Ermənistanla sülh danışıqlarını davam etdirməyimiz artıq tamamilə öz aktuallığını itirir. Beynəlxalq birlik və vasitəçilər rəsmi İrəvanı sülhə və kompromisslərə məcbur etmək istəmirlərsə, bizim antiterror əməliyyatlarına hazırlaşmaqdan başqa bir yolumuz qalır. Ermənistanın hərbi-siyasi dairələrinin Azərbaycan Respublikasının iri yaşayış məntəqələrinin və o cümlədən, Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin vuracaqları barədə bəyanatlarına, eləcə də Qarabağdakı qondarma rejimin “başçı”sının Gəncə şəhərinə hərbi zərbə endirmək təhdidinə səssiz qalsaq, onların azğınlığının miqyası bir qədər də artacaq. Odur ki, biz indiki məqamda sülh diplomatiyasına yox, hücum diplomatiyasına üstünlük verməliyik. Bütün beynəlxalq platformalardan istifadə edib Ermənistanın avantürist, təhrikçi rəhbərliyinə maksimum təzyiq göstərməliyik”.

Anar
Xəbəri paylaş