Newscenter.az.25.08.2020. “Beynəlxalq Qızıl Xaç Komitəsi hər iki tərəfin müvafiq qurumları ilə bu məsələ ilə bağlı əlaqədədir. Hazırda bu məsələ ilə bağlı dialoq gedir”.
Bunu “Report”a Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın əsir götürülməsi barədə danışarkən bildirib.
“Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına əsasən, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkir, bu şəxslərə olan rəftarı və onların saxlanma şəraitinə monitorinq edir və həmçinin bu şəxslərə ailə əlaqələrini saxlamağa köməklik göstərir”, - İ.Hüseynova əlavə edib.
Xatırladaq ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyan əsir götürülüb.