Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəyal Bəşirov: "Bu cür şəxslərlə dövlətin idarə edilməsi həqiqətən də təhlükəlidir"



Newscenter.az.25.08.2020. “Artıq bir neçə gündür ki, davam edən və gündəmi ciddi şəkildə zəbt edən "toy" mövzusu və ondan sonra baş verməkdə olan proseslər cəmiyyətimizə bir çox məsələlərlə bağlı dərs keçdi. Düşünürəm ki, bu dərsədən hər bir şəxs öz payını aldı və hələ alacaq da. Bununla yanaşı, bir çox örtülü məsələlərlə bağlı sualların cavabları da, cəmiyyətə məlum oldu”.

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Xəyal Bəşirov səsləndirib. Onun sözlərinə görə, məlum oldu ki, həmin tədbirdə iştirak edən bir çox yüksək vəzifə sahibi olmuş şəxslər, ora məclisin sahibinə özlərinin xoş məramlarını təqdim etmək üçün deyil, hələ də vəzifə başında olduğuna görə təşrif buyurublar:

“Aşkar oldu ki, həmin şəxslər çətin vəziyyətdən çıxmaq üçün, istənilən yola əl atmağa və hər bir şeyi qurban verməyə hazırdırlar. Aydın oldu ki, bu cür şəxslərlə dövlətin idarə edilməsi həqiqətən də təhlükəlidir, onların hazırki gənc, bacarıqlı və perspektivli kadr korpusu ilə əvəz olunması bir tarixi zərurətdir. Uzun illər ərzində "niyə bu günə qədər bu şəxslər vəzifələrindən azad edilmir?" məzmunlu sualların cavabı da tapıldı ki, sadə bir inzibati xətanın məsuliyyətindən yayınmaq üçün, öz aralarında illər boyu mövcud olan münasibətlərindən tutmuş dövlət maraqlarına qədər, hər şeyi qurban verəcək qədər təhlükəli olan bu şəxslərin iç üzlərini, ancaq özlərini biri birilərinə ifşa etdirmək yolu ilə cəmiyyətə çatdırmaq olar”.

Ekspertin qənaətincə, müəyyən oldu ki, dövlət idarəçiliyi sahəsində özləri barəsində süni şəkildə "dahi idarəçi", "əvəzolunmaz şəxs" və digər əsassız obrazlar formalaşdırmış bu şəxslər, əslində "dövlət baba"nın çətiri altında daldalanmaqla, yalnız öz maraqlarına xidmət etmək və dara düşəndə hər bir addıma əl atmaq kimi bir sıra neqativ xüsusiyyətlərdən başqa, heç bir müsbət keyfiyyətə malik deyillər:

“Bəlli oldu ki, fəaliyyətləri dövründə bütün bacarıq və imkanlarından istifadə edərək, xalqla dövlət arasında ciddi uçurum yaratmaq niyyəti daşıyan bu şəxslər, "Başqasına quyu qazan, özü düşər" məsəlinin müəllifi olan atalarımızın qəzəbinə tuş gəlməklə, elə özləri xalqın sonsuz nifrətini qazanıblar. Ölkəmizdə çox ciddi proseslər gedir və cəmiyyətimizin mütləq əksəriyyəti dövlətimizin yanında qərar tutmaqla öz səfini bəlli etdiyi kimi, bir çox şəxslərimiz də, mövqesizliyin zamanının olmadığı ilə yanaşı, bunun çox təhlükəli olduğunu dərk etməli və açıq şəkildə mövqe nümayiş etdirməlidirlər. Allah xalqımızı, dövlətimizi və dövlətçiliyimizi qorusun”

Mehman
Xəbəri paylaş