Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Modul tipli xəstəxanaların açılması COVID-19 ilə aparılan mübarizədə dövlətin qətiyyətini, niyyətini və gücünü göstərir



Newscenter.az.2.09.2020. Azərbaycanda ardıcıl olaraq koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxanaların açılması COVID-19 ilə aparılan mübarizədə dövlətin qətiyyətini, niyyətini və gücünü göstərir. Nəzərə almaq lazımdır ki, qısa müddət ərzində ölkəmizdə modul tipli 11 xəstəxana inşa edilib ki, bu xəstəxanalarda çarpayıların sayı 4100-dür. Xüsusilə də, bu tip xəstəxanalarda çoxsaylı intensiv terapiya-reanimasiya yerlərinin mövcud olması ümumən koronavirusla mübarizədə əlavə imkanlar yaradır. Avqustun 31-də açılışı olmuş daha bir modul tipli xəstəxanada isə 820-dən çox çarpayı mövcuddur, lakin qısa müddət ərzində bu çarpayıların sayını 1500-ə qədər artırmaq mümkündür.

Hazırda həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda koronavirus xəstələrinin sayı azalmaqdadır. Son günlər müsbət dinamika müşahidə edilir. Amma bu rəqəmlərə istinad edib rahatlaşmaq olmaz. Xüsusilə də, payız-qış mövsümündə xəstəliklərin baş qaldırması koronavirusun yenidən alovlanmasına səbəb ola bilər. Əlbəttə ki, dövlət bütün ehtimalları nəzərə alaraq modul tipli xəstəxanaları inşa edir ki, hər bir vəziyyətə hazır olaq. Hətta, bu gün mövcud xəstəxanalardakı yerlərlə yanaşı iki Olimpiya Kompleksində də 300-dən 500-ə qədər çarpayı yeri var. Əgər ehtiyac yaranarsa, dövlətin əlavə olaraq 1400 çarpayılıq 7 modul tipli xəstəxananın da tikintisini həyata keçirə bilər. Bununla yanaşı ölkəmizdə laboratoriyaların sayını 45-ə çatdırılır ki, burada da 900 mindən çox test keçirilib. Yəni, bütün bu tədbirlər və görülən işlər onu isbatlayır ki, Azərbaycan dövləti vətəndaşlarının sağlamlığı naminə, insanlarımızı koronavirus bəlasından qorumaq üçün lazımi infrastrukturu formalaşdırır.

Azərbaycan dövləti insanların sosial-psixoloji vəziyyətini nəzərə alaraq COVİD-19 ilə mübarizədə daha effektiv addımların atılması ilə karantin rejimini tamamilə aradan qaldırmaq niyyətindədir. Elə bu səbəbdəndir görülən işlərlə yanaşı hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparılır. Heç şübhəsiz ki, Azərbaycan peyvəndi əldə edən birinci ölkələr sırasında olacaq.

Ölkəmizdə tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. Məhz, bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyətləri aradan qaldırılıb. Lakin çox təəssüflər olsun ki, bu uğurların fonunda məsuliyyətini dərk etməyib, şəxsi maraqlarını xalqın mənafeyindən üstün tutanlar dövlətin addımlarına əsassız olaraq ləkə yaxır, ictimai rəyi çaşdırmağa çalışırlar. Onlar gediş-gəlişin, restoranların açılmasını tələb edirlər. Amma bunun nəticəsini və məsuliyyətini dərk etmirlər. Yaxşı, sabah onların istədikləri oldu və yoluxma yenidən artmağa başladı, o zaman məsuliyyət kimin üzərində olacaq? Muzeylərin açılmasına rişxəndlə yanaşanlar onlarla, yüzlərlə insanın COVİD-19-a yoluxmasına görə məsuliyyət daşıyacaqlarmı? Əlbəttə ki, yox. Bu səbəbdən də, dövlətin atdığı addımları dəstəkləmək, səbrli olmaq lazımdır. Əgər tendensiya bu cür davam edərsə, qısa zaman ərzində normal həyat şəraitinə qayıdacağıq. O zaman bu gün əsassız çağırışlar edənlər səhvlərini başa düşəcəklər.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş