Newscenter.az.15.09.2020. “ATƏT Minsk qrupunun üç həmsədrləri Parisdə bir araya gəlib Qarabag münaqişəsi ilə bağlı son durumu müzakirə ediblər və tərəfləri növbəti danışıqlar raunduna başlamağa dəvət ediblər. Diqqət çəkən məqam odur ki, həmsədrlər substantiv danışıqları önə çəkib. Əgər, həmsədrlər həqiqətən belə birv məzmunda danışıqlarda maraqlıdırsa, Azərbaycan qəti mövqeyini ortaya qoymalıdır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, indiyə qədər Ermənistan tərəfi daima məzmunlu və substantiv danışıqlarda maraqlı olmayıb: “Parisdə həmsədrlər yaxın müddətdə xarici işlər nazirlərinin görüşünün keçirilməsini təşkil etmək üçün hər iki ölkənin XİN rəhbərliyi ilə telefonda danışıb. Nazirlərin görüşü baş tutarsa da, Minsk qrupu atəşkəsə əməl edilməsini masaya daşıyacaq”.
Politoloq qeyd edib ki, bir neçə ay sükutdan sonra Minsk qrupunun tələm-tələsik bəyanatı əsasən, cəbhə xəttində vəziyyətin gərgin olması, Azərbaycanın qəti və prinsipial mövqeyi, müharibə ritorikası, Türkiyə ilə birgə hərəkətliliyi narahatlığından gəlir:
“XİN rəhbəri Ceyhun Bayramov Moskvada Sergey Lavrovun erməni həmkarı ilə görüş təklifinə razılıq vermədi və bu Azərbaycanın danışqları mənasız hesab etdiyi kimi vurğulandı. Həmsədrlər müharibəni önləmək, növbəti raund danışıqlara başlamaq üçün hərəkətə keçir. Azərbaycan Minsk qrupunun həmsədrləri qarşısında şərt qoymalıdır. Birinci, Ermənistan işğal olunmuş ərazilərdə köçürməni dayandırmalıdır. İkinci, "Yenilənmiş Madrid prinsiplərini" qəbul etməlidir. Üçüncü, Substantiv danışıqlarlarla bir neçə ay ərzində rayonları boşaltmalıdır”.
Məhəmməd Əsədullazadə bildirib ki, Minsk qrupunun həmsədrləri yenidən manipulyasiya edib, sadəcə müharibənin qarşısını almaq üçün danışıqları bərpa etməyə cəhd edir: “Ermənistan nəticəyə yönəlmayan, yalnız atəşkəsin qorunmasina hesablanan danışıqlarda maraqlıdır. Tovuz hadisəsindən sonra, bu danışıqlar baş tutsa, çətin bir mərhələ ilə başlayacaq. Azərbaycan yeni danışıqlar raundunda arxasında Türkiyə dayandığı üçün əli güclənib. Qəti şəkildə əvvəlki danışıqlara razı olmamalıdır. Bu danışıqlar da faydasız olaacaq. Sadəcə, qış aylarn müharibəni bir qədər ertələyə bilər. Ümumiyyətlə Minsk qrupunun fəaliyyəti nəticəyə yönəlməyən status-kvonu saxlamaqdan ibarətdir. Bu da Azərbaycanın maraqlarına tərsmütənasibdir”.