Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda aqrar sığorta ekspertləri üçün imtahan keçiriləcək



Newscenter.az.18.09.2020. Azərbaycanda aqrar sığorta üzrə müstəqil ekspertlərin seçimi və hazırlanması üzrə imtahanlar başlayır.

Newscenter.az-a Aqrar Sığorta Fondunun ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, Dövlət İmtahan Mərkəzi aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsinə qeydiyyat elan edib.

Müstəqil ekspertlər ölkədə yaxın günlərdə işə düşəcək aqrar sığorta mexanizminin mühüm elementidir. Kənd təsərrüfatı heyvanları, əkinlər və məhsullar, eləcə də balıqların sığortalanması zamanı müstəqil ekspertlərin rəyi əsas götürələcək. Riskləri və hadisə zamanı dəyən zərərləri müstəqil ekspertlər müəyyən edəcək. Bu xidmətlər pullu olduğuna görə, müstəqil ekspert statusu qazanan şəxslər daimi gəlir mənbəyi əldə etmiş olacaqlar.

Dövlət İmtahan Mərkəzinin elanına əsasən, aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlərin qeydiyyatı sentyabrın 14-dən 27-dək aparılacaq.

İmtahanlar Bakıda və regionlarda DİM-regional bölmələrinin yerləşdiyi binalarda keçiriləcəkdir. Şərtlərə əsasən, müstəqil ekspert statusunu almaq üçün imtahanlara baytarlıq, aqronomluq və əlaqəli ixtisaslarda ali və orta ixtisas təhsilə malik olan şəxslər qatıla bilərlər.
İmtahan aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:

1. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
2. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
3. Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
İmtahanda aşağıdakı ixtisaslar üzrə ali və ya orta ixtisas təhsilli şəxslər iştirak edə bilərlər:
1-ci sertifikat növü üzrə aqronomluq, bağçılıq və tərəvəzçilik və bitki mühafizəsi;
2-ci sertifikat növü üzrə baytarlıq, baytarlıq təbabəti, zootexniklik və zoomühəndislik;
3-cü sertifikat növü üzrə balıqçılıq və su bioehtiyatları və akvakultura.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanın I mərhələsində iştirak üçün ödəniş 94.40 AZN-dir (ƏDV daxil olmaqla). “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

İmtahanın I mərhələsi üzrə toplanması mümkün olan ümumi (maksimal) bal 120-dir. 72 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilir və onlar Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək hüququ qazanır. Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı Aqrar Sığorta Fondu tərəfindən DİM-ə göndərilir və onlar təlim proqramları əsasında imtahanın II mərhələsində iştirak edirlər.

İmtahan barədə ətraflı məlumatları Dövlət İmtahan Mərkəzinini internet səhifəsindən əldə etmək mümkündür.

Sevinc
Xəbəri paylaş