Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektron Su Protalı istifadəyə verilib



Newscenter.az.24.09.2020. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrin icrasını təmin etmək, vətəndaşlara göstərilən xidmətlərdə əlçatanlığın, operativliyin, şəffaflığın və səmərəliliyin artırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Elektron Su Portalı (http://e-su.az) istifadəyə verilib.

Newscenter.az-a “Azərsu” ASC-dən bildirilib ki, Sentyabrın 24-də portalın təqdimatı ilə bağlı keçirilən brifinqdə “Azərsu” ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Emil Əhmədov bildirib ki, bu sistem kommunal sektorda ilk dəfədir tətbiq olunur. Portal cari ilin sentyabrından ilkin versiyada vətəndaşların istifadəsinə verilib. Portalda “Azərsu” ASC-nin tətbiq etdiyi bir çox elektron xidmətlər vahid platformada birləşdirilib. Bu sistem vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Elektron Su Portalına giriş “Asanlogin” üzərindən həyata keçirilir. Sistemə daxil olduqdan sonra abonent kodu, telefon nömrəsi və elektron poçt ünvanı qeyd olunur. Sistem Elektron Hökumət Portalına inteqrasiya olunduğundan qeydiyyat zamanı istifadəçi barədə məlumatlar dərhal sistemdə görünür.

Portalda istifadəçilərə 5 abonent kodunu idarə etmək imkanı yaradılıb və vətəndaşlar həmin kodlara uyğun abonent məlumatlarını dərhal əldə edirlər. Burada içməli su və tullantı su xidmətlərinə görə formalaşmış bildirişlər əldə etmək və ödənişlər aparmaq mümkündür. Eyni zamanda abonentlər bütün ödənişləri ilə bağlı məlumatları da sistem vasitəsilə əldə edə bilərlər. Bu da gələcəkdə ödənişlərlə bağlı mübahisəli məsələləri aydınlaşdırmağa imkan verir. Portal üzərindən əhali qrupu üzrə istehlakçılar mexaniki sayğacların göstəricilərini təqdim edib bildirişləri əldə edə bilərlər. Gələcəkdə vətəndaşlar texniki şərtin alınması, su nümunələrinin yoxlanılması, yeni istifadəçinin qeydə alınması xidmətlərindən də yararlana biləcəklər.

Bu sistem “Azərsu” ASC-yə ünvanlanan müraciətlərin icra vəziyyətini izləməyə də imkan verir. Belə ki, vətəndaşlar müraciət etdiyi gündən müraciətin icra vəziyyətini canlı olaraq izləyə bilir. Müraciətin hazırki icra mərhələsi, son icra tarixi və məsul şəxslər barədə məlumatlar əldə edə bilərlər. Müraciətlərin araşdırılması üçün əlavə vaxt tələb olunduqda bu barədə vətəndaşa onlayn qaydada məlumat verilir.
Portalda vətəndaşlar üçün “online çat” imkanı da yaradılıb və istifadəçilər 24 saat bu imkandan yararlana bilər.

Hazırda istifadədə olan ilkin versiyada bəzi xidmətlər aktivdir. Portalda təqdim edilən xidmətlərin çeşidinin genişləndirilməsi üzərində mütəmadi işlər aparılır. Gələn ildən portalın mobil versiyası da istifadəyə veriləcək.

Sevinc
Xəbəri paylaş