Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin deputatı Ağalar Vəliyev: "Ermənistan bu cinayətlərə görə cavab verməlidir"



Newscenter.az.14.10.2020. “Uzun illərdir ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmğa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaqardına vurur, öz iradəsini diktə etməyə çalışırdı. 10 günlük müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı, iqtisadiyyatını tam çökdürdü”.

Newscenter.az xəbər verir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında millət vəkili Ağalar Vəliyev səsləndirib. Deputatın sözlərinə görə, Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir:

“Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi”.

A.Vəliyev əlavə edib ki, Gəncə şəhərində çoxmənzilli yaşayış binalarına gecə atılan raket zərbələri günahsız körpələrin, gecənin şirin yuxusunda atəşə tutulması erməni terrorçularının barbarlığını dünyaya bir daha göstərir:

“Cəbhə bölgəsində, eləcə də cəbhədən xeyli aralıda yerləşən digər şəhərlərimizdə də təcavüzlər davam etdirilir. Mingəçevir, Bərdə, Tərtər, Ağdam və digər yaşayış məntəqələrini, dinc əhalini qəsdən hədəfə alaraq ağır artilleriya ilə atəşə tuturlar. Xocalı faciəsindən bu yana Ermənistan tərəfindən soyqırımı aktları bu gün də davam etdirilir. Terrorizmi dövlət siyasəti səviyyəsində aparan qatil Ermənistan bu cinayətlərə görə cavab verməlidir. Beynəlxalq ictimaiyyət bu terrora “dur” deməlidir. Düşmən bu hücumlarla üçüncü qüvvələri münaqişəyə cəlb etmək istəyir. Azərbaycan Prezidenti İlham Əliyevin ermənilərə verdiyi son şansı da onlar bu şəkildə dəyərləndirirlərsə, hansı atəşkəsdən danışırlar?! Deməli, ermənilərə atəşkəs lazım deyil. Bu vəziyyətdə atəşkəs çağırışları riyakarlıqdır. Hamımız Ali Baş Komandana və şanlı Ordumuza inanır və sonsuz güvənirik! Əgər dünya birliyi bu vəhşiliyə dur deyə bilmirsə, Azərbaycan ordusu terroristləri susdurmağa qadirdir”.

Mehman
Xəbəri paylaş