Newscenter.az.9.12.2020. Türkiyə Güləş Federasiyasının (TGF) vitse-prezidenti Zeki Gül sərbəst güləş üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı keçdiyi Almadağ bazasına baş çəkib.
Newscenter.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, o, burada yığma üzvləri ilə görüşüb.
Hər iki ölkənin güləşçilərinə Fərdi Dünya Kubokunda və Tokio-2020 Yay Olimpiya Oyunlarında uğurlar arzulayan Gül Azərbaycan idmançılarının nailiyyətləri ilə qürur duyduğunu bildirib: "Olimpiadalarda, Avropa və dünya çempionatlarında şahid oldum ki, azərbaycanlı güləşçilər türkiyəli idmançıların uğurlarına öz qələbələri kimi sevinir. Biz də Azərbaycanın hər idmançısının uğuruyla qürur duyuruq. Türkiyə Güləş Federasiyası olaraq hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq. Bu birlik bundan sonra daha da güclənəcək. Bildiyiniz kimi, dünya çempionatı ləğv olundu. Təlim-məşq toplanışı 12-18 dekabrda Serbiyada keçiriləcək Fərdi Dünya Kubokuna hazırlıq xarakteri daşıyır. Həm bu yarışda, həm də Olimpiadada Türkiyə və Azərbaycan idmançılarına uğurlar arzulayıram".
Qeyd edək ki, Almadağ təlim-məşq bazasında Türkiyənin həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığmaları toplanış keçir.