Newscenter.az.18.12.2020. Avropa Voleybol Konfederasiyası tərkibində olan ölkələrin məşqçiləri üçün seminarlar təşkil edib.
Azərbaycan Voleybol Federasiyasından Newscenter.az-a bildirilib ki, onlayn formatında keçirilən seminarların biri iyul-avqust aylarında start götürüb. “Məktəb layihəsi” çərçivəsində təşkil olunan seminar orta məktəb məşqçiləri üçün keçirilir. 3 mərhələdən ibarət olan seminarda orta məktəblərdə çalışan məşqçilər iştirak edir. Niderland, İtaliya, İrlandiya və İngiltərə məşqçiləri tərəfindən keçirilən dərslərdə ölkəmizdən 3 məşqçi-Nina Neçay, Səbinə Yarməmmədova, Elena Məmmədova iştirak edir. Bu gün layihənin ikinci mərhələsi sona çatıb. Sonuncu mərhələdən sonra iştirakçılara sertifikatlar veriləcək.
Federasiyadan bildirilib ki, bu il daha bir onlayn seminar MOK-un təşkilatçılığı ilə keçirilir. Milli Olimpiya Komitəsi (MOK) 2015-ci ildən etibarən Mixael Conson Performanse (MJP) ilə əməkdaşlıq edir və bu illər ərzində MJP-nin xüsusi ekspertləri Azərbaycana gələrək müxtəlif idman növlərində məşqçi və atletlər üçün xüsusi təlimlər həyata keçirirdi. Bu il məlum səbəblərdən həmin layihənin formatı bir qədər dəyişdirilərək keçirilir.
Bu layihədə 5 yerli federasiyadan (atletika, qılıncoynatma, velosiped, voleybol və basketbol) ümumilikdə 15 nəfər məşqçi və atlet MJP-nin eksperti tərəfindən xüsusi applikasiya vasitəsinin köməkliyi ilə onlayn formada hazırlığını həyata keçirir. Azərbaycan Voleybol Federasiyasından bu layihədə 3 məşqçi (Nihad Tarverdiyev, Xanlar Həbiboğlu, Mixail Salavyov) iştirak edir. Layihənin ümumi müddəti 1 il olmaqla rüblük olaraq xüsusi təlimlər keçirilir. İl boyu applikasiya üzərindən onların məşqləri hansı səviyyədə yerinə yetirdikləri izlənilir. Məşqçilər verilən tapşırıqları həm özləri həm də idmançıları üzərində test edərək rüblük olaraq əldə etdikləri müsbət və ya mənfi dəyişiklik haqqında MJP-ni məlumatlandırır və buna uyğun olaraq gələcək rübdə məşq proqramında hansı dəyişikliklərə ehtiyacları olduğunu dəqiqləşdirir. Layihədə əvvəldən sona kimi tam şəkildə iştirak edən məşqçi və atletlərə beynəlxalq dərəcəli sertifikatlar təqdim olunacaq. Layihənin yüksək səviyyədə həyata keçirilməsi və Azərbaycanda rəqəmsal sistem üzərindən hazırlığın uğurlu olması bu kimi layihələrin gələcək illərdə də davamlı həyata keçirilməsinə və digər MOK-lar və federasiyalar üçün model layihə kimi göstərilməsinə şərait yaradacaq
Sevinc