Newscenter.az.12.02.2021. "Boz kardinal"lığını davam etdirməyə çalışan Ramiz Mehdiyevin məlum "toy əhvalatı"nın üstündən 6 ay keçəndən sonra bəyanat, məhkəmə iddiası ilə yenidən siyasi gündəmi qarışdırması heç də sıradan bir hadisə deyil. Bu onun tərəfindən həm "əzələ nümayişi"dir, həm də özünü Azərbaycanın mövcud siyasi mühitində müstəqil güc mərkəzi kimi göstərmək cəhdlərindən irəli gəlir.
Ölkə mediasında Ramiz Mehdiyevin oğlu, Fövqəladə Hallar nazirinin müavini Teymur Mehdiyevin “Baku Steel Company” MMC-nin həbs edilən rəhbəri Rasim Məmmədovla biznes ortaqlığına dair məlumatların yayılmasından sonra hərəkətə keçən AMEA prezidenti həm "qara məni basınca, mən qaranı basım" prinsipindən çıxış edir, həm də gündəmi dəyişməyə, diqqətləri öz oğlunun üzərindən yayındırmağa çalışır.
Əslində R.Mehdiyevin bu şahmatsayağı kombinasiyası eyni vaxtda bir neçə hədəflərə nail olmağa hesablanıb. Bütövlükdə isə R.Mehdiyevin son günlər birdən-birə bunca fəallaşması onun siyasi revanş götürmək niyyətindən xəbər verir. AMEA prezidenti Azərbaycan elminin aparıcı siması kimi deyil deyil, “5-ci kalon”un "ağsaqqal"ı kimi çıxış edir. Lakin Prezident Administrasiyasının sabiq rəhbərinin revanş götürmək cəhdləri əbəsdir. Onun bir qrup deputatı məhkəməyə vermək təşəbüsü də "absurd teatrı"nı xatırladır. Ramiz Mehdiyev başa düşməlidir ki, Vətən müharibəsindən sonra ölkədə tamamilə yeni siyasi şərait və mühit formalaşıb. Bu mühitdə isə Ramiz Mehdiyev kimi neqativ mühafizəkarlığın daşıyıcılarına əsla yer yoxdur. İlham Əliyevin yürütdüyü çevik və qətiyyətli siyasət revanşistlər və "5-ci kolon"çuların meydanını gün-gündən daraldır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri