Newscenter.az.3.05.2021. “Media Təhlil Mərkəzi” (MTM) karantin şərtlərinin taksi xidmətlərinə təsiri ilə bağlı sorğu keçirib. Newscenter.az espondentlərin cavabları əsasında hazırlanan sorğu nəticələrini təqdim edir.
Koronavirus pandemiyasına görə, həftəsonları və qeyri-iş günlərində ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyət taksi xidmətlərinə edilən müraciətlərin sayını artırıb. Bunu nəzərə alaraq, Media Təhlil Mərkəzi (MTM) tərəfindən 20-25 aprel tarixlərində taksi xidmətləri ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edən 655 respondentin 46%-ni qadınlar, 54%-ni kişilər təşkil edib.
Sorğunun nəticələri göstərir ki, pandemiya dövründə respondentlərin 36,3%-i ayda bir neçə dəfə, 28,1%-i həftədə bir neçə dəfə, 14,7%-i isə demək olar ki, hər gün taksidən istifadə edir. Cavab verənlərin 18%-i sözügedən dövr ərzində taksi xidmətindən bir neçə dəfə istifadə etdiyini bildirsə də, 2,9%-i istifadə etmədiyini qeyd edib.
Sorğu iştirakçılarının 49,9%-i taksini mobil tətbiq, 33,3%-i zənglə sifariş edir. Respondentlərin 16,8%-i isə yol taksilərinə müraciət edir.
Karantin rejimi respondentlərin 60,1%-nin taksidən daha çox istifadə etməsinə səbəb olsa da, 27,5%-nə təsir etməyib. İştirakçıların 12,4%-i isə taksidən daha az istifadə etdiyini vurğulayıb.
Taksi ödənişlərini kartla həyata keçirənlər respondentlərin 87%-ni, nağd ödənişə üstünlük verənlər sorğu iştirakçılarının 13%-ni təşkil edib.
Sorğu iştirakçılarının 60%-i taksi qiymətlərindən razı qalsa da, 40 faizi qiymətlərin yüksək olduğunu düşünür.
Sevinc