Newscenter.az.1.06.2021. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşən 1 iyun tarixi, bir çox dünya ölkələrində olduğu kimi, ənənəvi olaraq hər il Azərbaycanda da qeyd olunur. Bununla yanaşı, 1989-cu il noyabrın 20-də BMT tərəfindən qəbul olunan və uşaqların inkişaf, müdafiə, iştirakçılıq, yaşamaq hüquqlarını təsbit edən Konvensiyaya Azərbaycan da qoşulub. 1998-ci il mayın 19-da isə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
Azərbaycanda dövlətin uşaqlara göstərdiyi diqqət və qayğı ən yüksək səviyyədədir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər təqdirəlayiq və danılmazdır. Ölkə başçısı cənab İlham Əliyev uşaqların hərtərəfli şəxsiyyət kimi formalaşmasını, təlim-tərbiyəsini, firavan və sağlam böyüməsini, onların rifah halının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirib. Cənab Prezident İlham Əliyevin imzaladığı 22 dekabr 2008-ci il tarixli Sərəncama görə 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş uşaqları daim diqqət və qayğı ilə əhatə etməsi, internat məktəblərini və uşaq evlərini ziyarət etməsi, hər il Yeni il şənliklərini həmin uşaqlarla birgə keçirməsi, bu istiqamətdə yorulmaz fəaliyyəti hər birimiz üçün örnəkdir, nümunədir.
Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, onların inkişafı və sağlam böyüməsi istiqamətində bir çox Dövlət Proqramları, Tədbirlər Planları qəbul edilib, mükəmməl qanunvericilik bazası mövcuddur. Milli Məclis tərəfindən uşaqların yaşayış şəraitinin yaxşılaşdırılması, təhsil, idman, səhiyyə və s. digər sahələrdə mühüm əhəmiyyətə malik qanunvericilik aktları qəbul olunub.
Uşaqlar bizim gələcəyimiz, sabahın qərar verən şəxsiyyətləridir. Uşaqlar cəmiyyətin gələcək üzvləridir. Və onları müdafiə etmək, qorumaq hər birimizin borcudur.
Hər bir ailənin sevinc payı olan uşaqlarımızı 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edir, onlara xoşbəxt gələcək arzulayıram.
Bu gün Sizin gününüzdür əziz balacalar, bayramınız mübarək olsun!
Jalə Əhmədova-Milli Məclisin deputatı