Newscenter.az.1.06.2021. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi tarixə düşüb. Azərbaycanda isə uşaq problemləri hər zaman dövlətin diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Bu qayğının möhtərəm Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilməsi bir daha sübut edir ki, həmin istiqamət artıq dövlətin qarşıya qoyduğu zəruri vəzifələrdən birinə çevrilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdiyi nəcib missiya onu bütün Azərbaycan uşaqlarının ən yaxın dostuna və böyük himayədarına çevirib. Mehriban xanım Əliyevanın mərhəmət və humanistlik nümunəsi, milli-mənəvi dəyərlərimizin qorunmasındakı misilsiz fəaliyyəti ümummilli lider Heydər Əliyev siyasi məktəbindən, ulu öndərin ideyalarından bəhrələnir. Azərbaycanın birinci xanımının gündəlik fəaliyyətini bu prinsiplər təşkil edir: Vətənə bağlılıq, millətinə, xalqına sonsuz məhəbbət, xəstə və kimsəsiz uşaqlara qayğı, zəngin mədəniyyətimizə dərin hörmət, bir sözlə, insanlıq və bəşəri duyğular naminə fədakarlıq.
Düşünürəm ki, uşaqlara diqqət, qayğı yalnız dövlət başçısının, ictimai xadimlərin və ya Heydər Əliyev Fondunun üzərinə düşən vəzifə olmamalıdır.
Qayğıya möhtac uşaqların hər birinə sıravi vətəndaş olaraq hər birimiz öz övladımıza göstərdiyimiz qayğını, diqqəti göstərməli, onları yalnız olmadıqlarına inandırmalıyıq. Çünki uşaqlar bizim gələcəyimizdir. Ulu öndərimizin dediyi kimi; “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın uşaqlarından və gənclərindən asılıdır.
Stare Haciyeva
İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin sədri