Newscenter.az.10.06.2021. Bu gün mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri Azərbaycan gənclərində milli mənlik şüurunun formalaşdırılmasıdır. Azərbaycan gəncləri öz kökünə müraciət edərək xalqın tarixi irsini, tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənir, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışır. Milli mənlik şüurunun formalaşması Vətənə, doğma yurda məhəbbət yaradır. Gənclər dərk edirlər ki, dünyada Azərbaycan xalqı var, yaşayır və özünün çox hiyləgər düşməninə - ermənilərə qarşı mübarizə aparır.
Başlıca məsələ gənclərdə bu mübarizədə qələbəmizin əldə edilməsidir. Milli həyatımızın bir çox hadisələri özünün emosionallığı ilə gəncləri vəcdə gətirir, millətin taleyi ilə bağlı məsələlərdə onları fəaliyyətə səfərbər edir. Azərbaycan gənclərində milli psixologiyanın, mənəviyyatın, milli qürur və iftixar hissinin, milli özünəməxsusluğun formalaşması və tərbiyə edilməsi ona görə zəruridir ki, onlar milli-etnik məhdudluğa qarşı mübarizə apara bilir, bəsit hisslərdən uzaq olurlar. Milli mənlik şüuru formalaşmış və tərbiyə olunmuş Azərbaycan gənclərində əqidə bütövlüyü, sözlə işin tam vəhdəti özünü parlaq şəkildə təzahür etdirir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Bu gənclərin yetişməsi üçün isə cəmiyyət özü zəmin yaratmalıdır. Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün beş-on il bəs etmir, bunun üçün illər lazımdır. Bütün cəmiyyətlərdə bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi tələb olunur. Sağlam ruhlu gəncləri cəmiyyət yetişdirir, ictimaiyyət tərbiyə edir. Cəmiyyətin mənəvi durumunda nöqsan varsa, bu istər-istəməz, gənclərin əxlaqına, onların vətənpərvərlik hisslərinin zədələnməsinə səbəb olur. Hər bir gənc öz doğulduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır. Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək bir keyfiyyətdir. Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər, yurdsevər olması hər bir valideynin arzusudur. Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq qalmağı sevir. Yəni həyat tərzi də, vətənpərvərlik hissləri də, milli mənlik şüurunun inkişaf etdirilməsi də ənənəvilik çərçivəsində həyata keçirilir. Gənclərin mədəni səviyyəsinin yüksəldilməsi, onların təhsilə, idmana, musiqiyə cəlb edilməsi üçün sistemli işlər görülür.
Müstəqillikdən sonra milli mənlik şüurunun və yüksək vətənpərvərlik tərbiyəsinin daşıyıcıları olan çoxlu sayda gənc yetişib. Gənclik çağı kimi ifadə edilən 15-30 yaş arası ömrün ən əhəmiyyətli çağı, dinamizmin və ümidin bahar mövsümüdür. İnsanın dəyərlərinin, xarakterinin, şəxsiyyətinin və cəmiyyətlə münasibətlərinin formalaşdığı dövrdür. Bir millətin gələcəyi onun gəncliyinin təfəkkürünün mükəmməlliyinə, ümidinə, ideallarına bağlıdır. Milli, dini, elmi duyğularla dolmuş, bayrağını, torpağını, millətini, vətənini sevən gəncliyə sahib bir ölkə ən böyük sərvətə və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi çox parlaqdır. Gələcəyinə qiymət verən millətlər gənclərin yetişməsinə böyük diqqət göstərməli və bunun üçün əlindən gələni əsirgəməməlidir. Gənclərin xarakterini bir zərgər dəqiqliyi ilə formalaşdırmağa çalışmaq lazımdır. Gənclərin yetişməsində bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığının qorunması çox əhəmiyyətlidir. Gənc sevgi və dinamizm dolu, qayğısız, təmiz qəlbli, səbrli, özüylə və yaşadığı cəmiyyətlə barışmış olmalıdır. Bu gün gənclərin qarşısında bir çox maneələr və problemlər durur. Bunların bir çoxu da müasir dünyanın və qloballaşmanın doğurduğu problemlərdir. Amma gənclik bu problemləri aşmağa qadirdir. Azərbaycan gəncinin vətənpərvər olması xüsusilə vacibdir. Torpaqlarımızın işğaldan azad edildi, gənclərimizdə vətənpərvərlik ruhu günü-gündən artmaqdadır. Bugünkü gənclik Azərbaycanın potensial hərbi gücüdür. Nəzərə almaq lazımdır ki, dünyada bir çox dəyişikliklər gəncliyin hesabına mümkün olub. Çünki gənclik böyük qüvvədir və o özündə böyük bir potensialı cəmləyir.
Azərbaycanda gənclər dövlət idarəçiliyi, səhiyyə, təhsil sistemində və digər sahələrdə böyük üstünlüklər qazanıb. Ölkə iqtisadiyyatı o qədər inkişaf edib ki, bu sahədə gənclər üstünlük təşkil etməyə başlayıb. Hazırda ölkəmizdə gənc Dövlət qulluqcuları digər şəxsləri üstələməkdədir. Bu da gənclərə yaradılan imkanın nəticəsidir. Bir sözlə, gənclər cəmiyyətdə çox böyük təsir gücünə malikdir və onların fikirləri hər zaman çox şeyə qadirdir. Bu gün Azərbaycanda gənclərlə dövlət arasında böyük bir həmrəylik var. Müəyyən qədər məlumatsız olan gənclər də bilməlidirlər ki, ölkə daxilində onların gələcək rifahının, sosial imkanlarının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülür. Gənclərimizdə vətənpərvərlik ruhunun yüksək olması da vacib amillərdəndir. Çünki milli ruhda böyüyüb formalaşan gənclik hər şeyə qadirdir.
Əli İbrahimov-hüquqşünas