
Azərbaycanın yüksək texnologiyalar sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyması istiqamətində mühüm addım atılıb.
Newscenter.az xəbər verir ki, Azturk Holding-in Prezidenti Güləli Bağırov dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlər, mühəndislər və yarımkeçirici texnologiyalar üzrə ekspertlərlə əməkdaşlıq müqavilələri imzalayıb. Müqavilələrin əsas məqsədi Azərbaycanda müasir yarımkeçirici sənayesinin formalaşdırılması, yeni nəsil mikroçiplərin layihələndirilməsi və istehsalı üçün elmi-texnoloji bazanın yaradılmasıdır.
İmzalanmış sənədlərə əsasən, xarici mütəxəssislər Azərbaycanlı mühəndislərlə birlikdə çip texnologiyaları, süni intellekt sistemləri, yüksək performanslı hesablama platformaları, sənaye avtomatlaşdırılması və milli rəqəmsal təhlükəsizlik həlləri istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Güləli Bağırov çıxışında bildirib ki, XXI əsrin iqtisadi və texnoloji gücü neft və qaz ehtiyatları ilə deyil, bilik, innovasiya və yüksək texnologiyalarla müəyyən edilir:
“Bu gün dünyanın ən güclü iqtisadiyyatları yarımkeçirici və çip texnologiyalarına sahib olan dövlətlərdir. Azərbaycan da artıq bu sahədə istehlakçı deyil, istehsalçı ölkəyə çevrilməlidir. Məqsədimiz yaxın illərdə ölkəmizdə beynəlxalq standartlara cavab verən çip istehsal müəssisələrinin yaradılması və regionun texnologiya mərkəzlərindən birinə çevrilməkdir.”
Layihə çərçivəsində tədqiqat mərkəzlərinin yaradılması, mühəndis hazırlığı proqramlarının həyata keçirilməsi, universitetlərlə əməkdaşlığın genişləndirilməsi və yerli kadr potensialının formalaşdırılması da nəzərdə tutulur.
Mütəxəssislərin fikrincə, yarımkeçirici sənayesinin inkişafı ölkədə minlərlə yüksək ixtisaslı iş yerinin açılmasına, ixrac potensialının artmasına, innovasiya ekosisteminin güclənməsinə və Azərbaycanın qlobal texnologiya bazarında mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Azturk Holding tərəfindən həyata keçirilən bu təşəbbüs Azərbaycanın texnologiya, süni intellekt və rəqəmsal transformasiya sahəsində regional liderə çevrilməsi istiqamətində atılmış strateji addımlardan biri kimi qiymətləndirilir.
Yeni əməkdaşlıq müqavilələrinin yaxın aylarda konkret layihələrə çevrilməsi və ilk pilot istehsal proqramlarının təqdim olunması planlaşdırılır.
Azturk Holding rəhbərliyi bildirib ki, bu təşəbbüs yalnız bir şirkətin deyil, bütövlükdə Azərbaycanın gələcək texnoloji inkişafına xidmət edən milli əhəmiyyətli layihədir.
Süleyman











































