Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AMCHAM Ağ Sənədinin növbəti nəşrini ictimaiyyətə təqdim etdi



Newscenter.az.11.06.2021. 11 İyun, 2021-ci il tarixində Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Azərbaycanın biznes mühitinin yaxşılaşdırılmasına dair müşahidələr və tövsiyələrə dair Ağ Sənədinin növbəti nəşrini ictimaiyyətə təqdim etmək üçün mətbuat konfransı təşkil edib. Mətbuat konfransına AmCham-ın Direktorlar Şurasının üzvləri, komitə rəhbərləri, dövlət rəsmiləri, AmCham üzvləri və media nümayəndələri qatılmışdır.

Newscenter.az xəbər verir ki, Ağ Sənəd Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini dəstəkləmək məqsədi ilə iki ildən bir hazırlanır və Azərbaycan hökumətinə təqdim olunur.

Sənəddə AmCham üzvlərinin Azərbaycanın biznes iqliminin və son nəticədə ölkənin inkişafına töhfə verəcək dəyişikliklər barədə kollektiv tövsiyələri əks olunub. Sənəd iki hissədən ibarətdir - ümumilikdə Ağ Sənəddə əks olunan məsələləri əhatə edən “Giriş” hissəsi və daha spesifik məsələlərə dair təklifləri özündə cəmləşdirən “Tövsiyələr” hissəsi. Əvvəlki illərdə tərtib edilmiş Ağ Sənədlərdə əks olunan tövsiyələr dövlət proqramlarına əlavə edilmiş və bəzi tövsiyələr qanunvericilikdə müvafiq dəyişikliklərlə nəticələnmişdir ki, bu da ölkənin biznes mühitinə öz müsbət təsir göstərmişdir.

“AmCham hər zaman hökumət ilə fəal şəkildə əməkdaşlıq edir və ölkənin işgüzar mühitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri dəstəkləyir. Biz hökuməti özəl sektorun düşüncələri və biznes mühitindəki dəyişikliklər barədə məlumatlandırmanın çox vacib olduğunu düşünürük. Ağ Sənəd 2021 vergi, gömrük, bank, maliyyə, sığorta, informasiya və kommunikasiya texnologiyaları, satınalma, əmək, turizm və s. kimi müxtəlif sahələrdə həll ediləcək məsələləri əhatə edir. Pandemiyanın ölkə iqtisadiyyatına neqativ təsirlərinin aradan qaldırılması istiqamətində hökumət tərəfindən atılan addımlar təqdirəlayiq olmuş və təsadüfi deyil ki, həyata keçirilən tədbirlər əhəmiyyətli mənada öz müsbət nəticələrini də göstərmişdir. Biz inanırıq ki, AmCham üzvləri tərəfindən bu Sənəd çərçivəsində hazırlanmış təkliflərin həyata keçirilməsi ölkəmizdə aparılan iqtisadi islahatlara növbəti töhfə olacaqdır”, - AmChamın prezidenti Nuran Kərimov qeyd edib.

Daha sonra AmChamın Vergi və Gömrük, İnsan Resursları və Əmək, Rəqəmsal Texnologiya və İnnovasiyalar, Hüquq və Komplayens, Satınalmalar və digər komitələrinin rəhbərləri çıxış edərək Ağ Sənədin müvafiq sahələrdəki tövsiyələri barədə ətraflı məlumat veriblər.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

AmCham Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir və hazırda ölkədəki xarici investisiyaların 80%-dən çoxunu təmsil etməklə, ümumilikdə 250-də çox üzv şirkəti özündə birləşdirir. Dövlət və özəl sektor arasında körpü rolunu oynayan və müxtəlif dövlət qurumları ilə davamlı və konstruktiv dialoq quran Palata, öz üzvlərinin maraqlarını təmsil edir və Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına töhfə verir.

Sevinc
Xəbəri paylaş