Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “İnsan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu əksər Qərb ölkələrinin Azərbaycanı əsassız şəkildə ittiham etməyə haqqı yoxdur”



Newscenter.az.12.06.2021. "Qərb mediasında Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının heç bir əsası yoxdur. Bu ölkələrin özündə insan haqlarının pozulmasına dair, etirazçıların güllələnməsi və təhqir olunması, media mənsublarına qarşı zorakılıq halları, eyni zamanda milli və irqi ayrıseçkiliklə bağlı yüzlərlə fakt var".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili deyib ki, bu cür nöqsanların mövcud olduğu ölkələrin özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim etməsi sadəcə gülüş doğurur:

"İnsan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu əksər Qərb ölkələrinin Azərbaycanı əsassız şəkildə ittiham etməyə haqqı yoxdur. Bir daha aydın olur ki, demokratiya və insan haqları əksər güclərin əlində sadəcə, təzyiq vasitəsidir. Bu yolla ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaq, müəyyən dairələrin sifafişini yerinə yetirmək meylləri açıq-aşkar görünür. Azərbaycanın öz gücü və siyasi iradəsi ilə 30 illik münaqişəni 44 gündə həll etməsi bəzi dairələri qıcıqlandırır. Erməni təəssübkeşliyi və azərbaycanafobiya meylləri bəzi dairələrin proseslərə ədalətli yanaşmasına mane olur. Postmünaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərpasından narahat olan qüvvələrin olduğunu görürük".

Könül Nurullayevanın sözlərinə görə, açıq şəkildə Ermənistanı revanşizmə həvəsləndirən qüvvələrin pozucu fəaliyyətinin şahidiyik. Prezident İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi: “Gedin baxın, güzgüyə baxın. Öz işləri ilə məşğul olsunlar. Özləri problemlər içində çabalayırlar. Min cür problemləri var:

"Azərbaycanda bütün proseslər müsbət istiqamətdə gedir.” Həqiqətən də əgər bütün ölkələr öz işləri ilə məşğul olsalar və bizim işimizə müdaxilə etməyə cəhd göstərməsələr, işlər yaxşı gedəcək və bizim münasibətlərimizdə heç bir problem olmayacaq. Biz heç kimdən birtərəfli qaydada yanımızda olmağı tələb etmirik. Sadəcə, ədalətli davranmağı, haqqı müdafiə etməyi və yaranmış reallığı qəbullanmağı tələb edirik. Öz daxili problemlərini həll edə bilməyənlərin Azərbaycanın daxili işlərinə müdaxiləsi yolverilməzdir. Azərbaycan hər zaman müstəqil siyasət yeridən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün xalqların sülh və dost şəraitində yaşadığı bir ölkə kimi nümunə sərgiləyir. Bir-birilə əks mövqedə duran güclərin dialoq məkanı, eyni zamanda müxtəlif sivilizasiyaların bir araya gəldiyi ölkə kimi Azərbaycan hər zaman fərqlənib. Lakin qərəzli dairələr bu uğurları, Azərbaycanın əldə etdiyi nailiyyətləri və böyük qələbəni həzm edə bilmir. Azərbaycan inkişaf yolunu seçib, heç bir kənar təzyiq Azərbaycanı öz haqq yolundan yayındıra bilməz".

Ruhiyyə
Xəbəri paylaş