Newscenter.az.17.06.2021. Xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən 15 İyun – Milli Qurtuluş Günündə işğaldan azad edilmiş Şuşamızda Türkiyə ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik haqqında Bəyannamə ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edən mühüm strateji sənəd olmaqla yanaşı, iki ölkə arasındakı mövcud əlaqələri ən yüksək səviyyəyə qaldırdı. Bununla da unikal müttəfiqlik nümunəsi sayılan Azərbaycan-Türkiyə əməkdaşlıq əlaqələri keyfiyyətcə daha yüksək işbirliyi təminatı almış oldu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məscidin deputatı Jalə Əhmədova bildirib.
Deputat vurğulayıb ki, strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti barədə məsələlər öz əksini tapmış, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi qeyd olunub.
Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizinin açılması, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı kimi hər iki ölkənin qüdrətini artıracaq strateji məsələlər yer alıb.
“Bütün bunlar deməyə əsas verir ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya göstərdi. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikirlərinin ardınca dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan dünyaya mühüm mesajlar çatdırdılar”, - deyə J.Əhmədova qeyd edib.
Deputat vurğulayıb ki, Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar isə iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirəcək, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində rolunu daha da artıracaqdır.
“Bəyannamədə əksini tapmış mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bu gün inamla deyə bilərik ki, böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan və Türkiyə ilə Azərbaycanı dəmiryolu, həm də avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz olacaqdır. Bununla da ölkəmiz dünya iqtisadiyyatının inkişafına növbəti dəyərli töhfəsini verəcəkdir, - deyə o qeyd edib.