Newscenter.az.17.06.2021. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşanı ziyarət etməsi münasibətlərimizin yeni dönəminin başlanmasından xəbər verir. Şuşa görüşünün ən başlıca önəmi isə imzalanan Şuşa Bəyannaməsi oldu. Bəyannamədə bir sıra qarşılıqlı məsələlər, gələcək əməkdaşlığın yol xəritəsi əks olunub. Xüsusilə sənəddə yer alan iki məsələ diqqət çəkir. Bunlardan birincisi odur ki, hər iki ölkə bir-birlərinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürür. İkincisi isə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılmasıdır. Həmçinin Şuşada Türkiyə Respublikasının fəxri konsulluğunun açılması da önəmli hadisə olacaqdır.
Azərbaycan-Türkiyə əməkdaşlığı bütün müstəvilərdə yüksələn xətlə inkişaf etdir. Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədən sonra bölgədə yeni reallıq yaranıb. Nüfuzlu beynəlxalq təşkilatlar, ölkələr də bu reallığı qəbul edir. İmzalanmış Şuşa Bəyannaməsi də bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığın nəticəsidir. Bəyannamə tərəflərin gələcək əməkdaşlığı üçün yol xəritəsi rolunu da oynayır.
Bəyannamənin 15 iyun -Milli Qurtuluş Günündə məhz Şuşada imzalanması isə təsadüfi deyildir. 28 il öncə 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi. Ümummilli lider Heydər Əliyev çox qısa bir vaxtda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 28 ildən sonra isə - 2021-ci ilin 15 iyununda Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı, azad Şuşada yeni sənəd imzaladı. Bu, ilk növbədə ərazi bütövlüyü təmin olunmuş müstəqil Azərbaycanın və onun rəhbərinin müstəqil siyasətinin bariz nümunəsidir. Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcəkdəki qələbələrinin təməli qoyuldu. Bundan sonra 15 iyun həm Milli Qurtuluş Günü, həm də Şuşa Bəyannaməsinin imzalandığı gün kimi tarixdə qalacaq!
Prezident İlham Əliyev tarixi Şuşa Bəyannaməsinin imzalanması zamanı çıxış edərək bildirib: «Bu gün həyatımızda əlamətdar gündür, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq. Mən fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarabağda salamlamaq istəyirəm. Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır.»
Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, imzalanmış Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir: «Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.»
Bəli, 44 günlük Vətən müharibəsi başlayan andan qurtarana qədər dost, qardaş dövlət olan Türkiyə Cümhuriyyəti mənəvi cəhətdən Azərbaycanın yanında olmuş, beynəlxalq arenalarda haqq işimizi bizimlə birgə müdafiə etmiş, sözün əsl mənasında qardaşlıq nümunəsi göstərmişdir. Vətən müharibəsi bitdikdən sonra da biz qardaşlarımızın hərtərəfli dəstəyini hiss etmişik. Cənab Prezident İlham Əliyevin dəvəti ilə cənab Rəcəb Tayyip Ərdoğanın Şuşa səfərini Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələyə qədəm qoyması kimi də şərh edə bilərik.
Məleykə Ağayeva,
YAP Sabirabad rayon təşkilatının sədri