Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Peyvənd-Sağlamlığımız öz əlimizdədir



Newscenter.az.22.06.2021. Uzun zamandır ki, dünyada COVID-19 adlanan pandemiya tüğyan etməkdədir. Xəstəlik o qədər qəfildən peyda oldu ki, bu, Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssisləri, infeksionistlər arasında da çaşqınlıq yaratdı. O, tamamilə yenidir və yeni olduğuna görə də dəqiq və effektli müalicəsi hələ ki, yoxdur.

Vaksinlərin tətbiqi dünyəvi immunitetin həm tez yaranmasını, həm də pandemiyanın təsirinin itkisiz olmasını təmin edir. Artıq bir neçə variantda vaksin hazırdır və dünyada tətbiq olunmağa başlanılıb, yeni-yeni vaksinlərin hazırlanması prosesi də davam etməkdədir. Bu, Dünya Tibb Elminin böyük nailiyyətidir. Bizim ölkəmiz də vaksinləri alıb gətirən və vətəndaşlarını peyvənd etdirən ilk ölkələr sırasındadır. Bu il yanvarın 18-dən ölkəmizdə vaksinlənmə prosesinə start verilib və pilləli şəkildə uğurla davam etməkdədir. Qeyd edək ki, kampaniya başlayandan indiyədək tətbiq edilən peyvəndlər uğurlu nəticələr verir. Ümid etməyə dəyər ki, aparılan peyvəndləmə tədbiri dəhşətli və qorxulu bəlanı tədricən uzaqlaşdıracaq və həyatımız normal məcraya dönəcək. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya ilk başlayan və ən təhlükəsiz, ən effektli vasitələrin gətirilməsini təmin edən ölkədir.

Belə ki, koronavirusa tutulanlar da peyvənd oluna bilərlər. Bu şərtlə ki, həmin şəxslər qan müayinəsindən keçib onlarda virusa qarşı anticisimlərin yaranıb-yaranmadığını öyrənsinlər. Analiz nəticəsinə görə qanda anticisimlər yüksək olarsa, peyvənd vurdurmağa ehtiyac yoxdur. Lakin qanında həmin göstəriciləri aşağı olanlar peyvənd olunmalıdırlar. Əvvəllər anticisimlərin 4–6 ay orqanizmdə qaldığı güman edilirdi. Lakin təcrübələr, eləcə də, infeksiyanı keçirən insanların müayinəsi göstərir ki, həmin müddət ən azı 8 ay da davam edə bilər. Məsələn, xəstəliyi apreldə keçirən insanların bəzilərində infeksiyaya qarşı qoruyucu anticisimlər qala bilər və təcrübələr bunu təsdiqləyir. Ona görə də konkret müddət göstərmək çətindir. Şübhəsiz ki, orqanizmdən asılı olaraq immunitet həm də fərdi xarakter də daşıyır. Bəlkə də aramızda elə insanlar var ki, onlarda anticisimlərin yaşama müddəti bir ilə qədər davam edir.

Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir.

COVID-19 ilə mübarizədə ölkənin səhiyyə sisteminin maddi-texniki bazası xüsusi rol oynayır. Dövlət başçısının tapşırığına uyğun olaraq, ilk növbədə, ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırıldı. Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində səhiyyə infrastrukturu pandemiya ilə mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün əlavə müasir tibbi laboratoriyalar alındı, yeni tibb müəssisələri açıldı, modul tipli xəstəxanalar quraşdırıldı.

Pandemiyanın aramızdan tamamilə getməsi üçün isə mütləq əhalinin 60 – 70 faizində immunitet formalaşmalıdır ki, hazırda bunu da yalnız vaksinasiya ilə etmək mümkündür. Buna görə də hər kəs vaksinasiya prosesində fəal iştirak etməli, dövlətin vətəndaşına göstərdiyi bu əvəzsiz qayğı və diqqətdən yararlanmalıdır.

Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Xəbəri paylaş