Newscenter.az.23.06.2021. Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir. COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Pandemiya “müasir dövrdə təhsilə vurulan ən böyük zərbə” hesab edilə bilər. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir. Uşaqlarımızın gələcəyi üçün hər birimizin vaksin olunması vacibdir. Peyvənd olunmaqla iqtisadiyyata vurulan ziyanın qarşısını birlikdə ala bilərik. COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və s. sahələrdə böyük iqtisadi itkilər yaşandı və dünyada milyonlarla insan iş yerini itirdi.
Dünyada iqtisadi itkilərin bərpa olunması üçün vaksinasiya yeganə yoldur. Vaksinasiya ilə mədəni həyat canlanacaq insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər. Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaq. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır.
Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir. Əlbətdə statistik olaraq COVID-19 xəstəliyi səbəbindən fatal nəticələr daha çox yaşlı təbəqə insanlara aid olur. Lakin bu o demək deyil ki, cavan nəsil xəstəlikdən 100% qorunub. COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir.
Ağayeva Məleykə,
YAP Sabirabad rayon təşkilatının sədri