Newscenter.az.25.06.2021. İsmayıllı rayonunda 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Tağıyev Ruslan Fuad oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub. Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, Rayon Polis Şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi, şəhidin hərbiçi yoldaşları, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər, şəhidin yaxınları iştirak ediblər.
Newscenter.az xəbər verir ki, karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimində çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və qısa müddətdə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid Ruslan Tağıyevin qısa, lakin şərəfli həyat yolundan bəhs ediblər. Vurğulanıb ki, şərəfli döyüş yolu keçən Ruslan və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq.
Azərbaycan Ordusunun polkovnik-leytenantı Ruslan Tağıyev 12 iyun 1982-ci ildə İsmayıllı rayon Qubaxəlilli kəndində anadan olub. 1999-cu ildə İsmayıllı rayon 3 saylı tam orta məktəbi, 2003-cu ildə isə Ali Hərbi Məktəbi bitirib. “Polkovnik-leytenant” hərbi rütbəsinədək yüksəlib. Noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə o, ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.
Sonda mərasim iştirakçıları şəhidlər xiyabanını ziyarət edib, məzarların üzərinə çiçəklər düzüb, xatirələrini ehtiramla yad ediblər.
Sevinc